Dollarla bağlı kritik gedişat – Gizli məqamlar üzə çıxdı

Mərkəzi Bankın açıqladığı son rəqəmlərə görə, valyuta mübadilə məntəqələrində dolların satışı alışdan 393 milyon dollar çox olub. Bu, bazarda dollar təklifinin artdığını göstərir.

Mövcud vəziyyət nə deməkdir? Bu, iqtisadi sabitliyin əlamətidir, yoxsa bazarda gizli risklər var?

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, əgər satış alışı üstələyirsə, bu, bazarda tələbatın olduğunu göstərir:

"Lakin bu göstəricilər hazırkı vəziyyəti tam əks etdirmir. Çünki rəqəmlər yalnız rəsmi dövriyyəni əhatə edir. Bildiyiniz kimi, hər bir vətəndaşın valyuta alışına illik məhdudiyyət qoyulub. Məsələn, təxminən 20 min manat ekvivalentində valyuta almaq mümkündür, bu da dollarla ifadədə təqribən 11 min ABŞ dolları edir. Halbuki elə insanlar var ki, iş fəaliyyəti, biznesi və digər zəruri ehtiyacları səbəbindən bundan dəfələrlə artıq valyutaya ehtiyac duyurlar. Buna görə də hazırda rəsmi valyuta mübadilə məntəqələrindən kənarda, statistikada əks olunmayan dövriyyə formalaşıb. Açıq desək, bu, artıq "qara bazar"dır və əsasən "WhatsApp", tanışlıq əlaqələri, qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirilir. Həcmi kifayət qədər yüksəkdir. Minlərlə, hətta yüz minlərlə dollar dövriyyədə olur. Rəsmi rəqəmlər yalnız görünən hissəni göstərir, qeyri-rəsmi hissə isə, fikrimcə, bundan dəfələrlə artıqdır".

İqtisadçı qeyd edib ki, hazırda dollara tələbat var:

"Amma bunu manatın kəskin ucuzlaşması kimi qiymətləndirmək doğru olmaz. Bu gün manat üzərində ciddi təzyiq müşahidə olunmur. Lakin valyuta satışına tətbiq edilən məhdudiyyətlər istər-istəməz bazarda müəyyən narahatlıq və psixoloji gərginlik yaradır, bu da tələbatı canlı saxlayır. Digər tərəfdən, makroiqtisadi göstəricilərə baxsaq, idxal və ixrac əməliyyatları arasındakı müsbət saldo, eləcə də ümumi iqtisadi göstəricilər manatın məzənnəsi baxımından ciddi risklər formalaşdırmır. Lakin reallıq odur ki, satışa qoyulan məhdudiyyətlər qeyri-rəsmi bazarın yaranmasına şərait yaradıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31