Maaşlarla bağlı mühüm gedişat: azalma… – Sabiq nazir açıqladı
10:31 İqtisadiyyatAzərbaycanda orta aylıq əməkhaqqı artıq ardıcıl dördüncü aydır ki, azalır. İyul ayında 1098.1 manat olan orta maaş oktyabrda 1086.3 manata düşüb. Rəqəmlər kiçik fərq kimi görünsə də, prosesin ardıcıl xarakter alması diqqət çəkir və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olur.
Orta aylıq maaş niyə azalır? Bəzi iddialara görə, orta maaşın azalması pensiya artımlarının məhdudlaşdırılmasına zəmin yarada bilər, bu ehtimal nə dərəcədə realdır?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi bu sahədə heç bir reallığı əks etdirmir:
"Bu göstərici reallıqları o zaman əks etdirə bilər ki, orta aylıq əməkhaqqı sahələr üzrə müəyyən edilsin. Bir sahədə orta aylıq əməkhaqqı 500 manat, digər sahədə isə bundan 4-5 dəfə və daha çoxdursa, o halda ölkə üzrə orta aylıq əməkhaqqına dair göstərici nəyi əks etdirəcək? Daha sadə dildə desək, bir adam bir sahədə 500 manat maaş alır, digər bir adamın isə başqa sahədə qazancı 5000 manatdır. Yəni orta əməkhaqqı 2750 manata bərabər olur (500+5000:2). Ancaq bu, heç bir tərəfin real gəlir səviyyəsini ifadə etmir".

Fikrət Yusifov
Sabiq nazir qeyd edib ki, rəsmi statistikada orta aylıq əməkhaqqının ötən aylara nisbətən bir neçə manat artıb-azalması da önəmli amil deyil:
"Bu, sadəcə texniki məsələ ola bilər. Əməkhaqqı mövzusunda ən yaxşı göstərici ölkədə minimum maaş göstəricisi olmalıdır. Hesab edirəm ki, hökumət daha çox bu istiqamətdə dərin təhlil aparmalıdır. Çünki bu gün dövlət təşkilatlarında eyni və ya oxşar vəzifələrdə çalışanların maaşları arasında kəskin fərqlər var. Bunun hansı fəsadlar törətməsi hökuməti ciddi narahat etməlidir. Belə durum ölkədə kadr axınının baş verməsinin başlıca səbəbinə çevrilib. Bir dövlət qurumunda uzun illər yetişdirilmiş peşəkar kadr məmuniyyətlə işindən ayrılır və maaşın daha yüksək olduğu digər təşkilata üz tutur, onu isə qeyri-peşəkarlar əvəz edir".