Xəzər regionunda "vahid pəncərə" sisteminin işə salınması planlaşdırılır
19:44 İqtisadiyyatXəzər dənizi limanlarında "Maritime Single Window " (Dəniz Daşımaları üçün Vahid Pəncərə Sistemi) təşəbbüsünün işə salınması planlaşdırılır.
Olaylar "TRACECA"ya istinadən verdiyi məlumata görə, bu barədə Aktau şəhərində keçirilən "Caspian Ports and Logistics 2025" beynəlxalq sərgi və konfransı çərçivəsində, "Orta Dəhliz: 2025-ci ildə Aktau qovşağının nailiyyətləri və 2026-cı il üçün perspektivlər" adlı sessiyada bildirilib.
"Maritime Single Window" - dəniz daşımaları üçün prosedurları sadələşdirən və liman əməliyyatlarında şəffaflığı artıran elektron "vahid pəncərə" sistemidir.
Məlumatda qeyd olunur ki, sessiya zamanı "TRACECA"nın Rəqəmsal Konsepsiyasına, Rəqəmsallaşma üzrə İşçi Qrupunun fəaliyyətinə, həmçinin kağızsız daşımaların inkişafına və iştirakçı dövlətlər arasında elektron məlumatların qarşılıqlı tanınmasına yönəlmiş elektron sənədlərin tətbiqi üzrə Saziş layihəsinin hazırlanmasına xüsusi diqqət yetirilib.
Eyni zamanda, dəniz daşımalarında prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması baxımından mühüm alət kimi Xəzər dənizi limanlarında "Maritime Single Window" təşəbbüsünün işə salınması planları da vurğulanıb.
Qeyd olunur ki, sessiya çərçivəsində iştirakçılar Aktau limanının 2025-ci ildə əldə etdiyi nailiyyətləri, konteyner buraxılış qabiliyyətinin artırılması üzrə planları, liman və gəmiçilik proseslərinin idarə olunmasında müasir sistemlərin tətbiqini, eləcə də beynəlxalq maliyyə institutları və biznes ictimaiyyətinin iştirakı ilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Məlumata görə, tədbirin əsas məqsədi Avropa, Qafqaz və Asiya arasında dayanıqlı multimodal əlaqələrin inkişafına töhfə vermək, dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında qarşılıqlı əlaqəni gücləndirmək, həmçinin Orta Dəhliz marşrutları üzrə liman infrastrukturu, logistika prosesləri və transsərhəd daşımaların səmərəliliyinin artırılması sahəsində təcrübə mübadiləsini təşviq etmək olub.
Müzakirələr zamanı limanların modernləşdirilməsi, nəqliyyat proseslərinin rəqəmsallaşdırılması, beynəlxalq standartların tətbiqi və Xəzər marşrutlarının rəqabət qabiliyyətinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Sessiya çərçivəsində məruzə ilə çıxış edən "TRACECA"nın Baş katibi Asset Assavbayev proqramın nəqliyyat əlaqələrinin inkişafında mühüm təcrübəyə malik olduğunu qeyd edib və "TRACECA"nın "Baza Çoxtərəfli Sazişi"nin dəhlizin fəaliyyətinin hüquqi əsası kimi əhəmiyyətini vurğulayıb.
Baş katib iştirakçıları təşkilatın cari prioritetləri, o cümlədən "TRACECA" Strategiyası və Fəaliyyət Planının icrası, liman və multimodal infrastrukturun inkişafı, həmçinin nəqliyyat və logistika proseslərinin rəqəmsal transformasiyası üzrə təşəbbüslərin irəlilədilməsi barədə məlumatlandırıb.
Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən və regionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesab olunur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edərək Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını yan keçən quru marşrutudur və Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirir.