Xəzər Universitetinin tələbələri üçün istehlakçı hüquqları mövzusunda açıq dərs keçirilib
15:22 İqtisadiyyatMaarifləndirici tədbirdə tələbələrə istehlakçı hüquqları, onların müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib, praktiki məsələlər izah olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı çərçivəsində tələbələr üçün istehlakçı hüquqları mövzusunda açıq dərs təşkil olunub.
Açıq dərsdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov "İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri" mövzusunda təqdimatla çıxış ediblər.
Tələbələrə istehlakçı hüquqlarının mahiyyəti və bu hüquqların gündəlik həyatda səmərəli şəkildə təmin olunmasının əhəmiyyəti izah edilib. Qüvvədə olan qanunvericilik bazasının istehlakçıların maraqlarının qorunmasında oynadığı rol, habelə müvafiq normativ-hüquqi mexanizmlərin praktik tətbiqi ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, Agentliyin istehlak bazarında həyata keçirdiyi nəzarət mexanizmləri və preventiv tədbirlər barədə geniş məlumat verilib. İstehlakçıların hüquq və vəzifələri barədə maarifləndirilməsi və hüquqi biliklərinin artırılmasının hüquq pozuntularının qarşısının alınmasında əsas vasitələrdən biri olduğu vurğulanıb. Bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən ardıcıl və sistemli maarifləndirmə fəaliyyətindən bəhs olunub.