AİB Türkiyə səhiyyəsinin modernləşdirilməsi üzrə HILAL layihəsini nəzərdən keçirir
17:52 İqtisadiyyatAsiya İnkişaf Bankı (AİB) Türkiyədə səhiyyə sisteminin hərtərəfli təkmilləşdirilməsinə yönəlmiş HILAL (Health Infrastructure Enhancement, Lifesaving Medical Advancements, and Logistics) layihəsini nəzərdən keçirir.
Olaylar bu haqda AİB-ə istinadən xəbər verir.
Məlumata görə, layihənin maliyyələşməsinin ümumi məbləği bankın kapital resursları hesabına 390 milyon ABŞ dolları təşkil edəcək.
"Mövcud problemlərin həlli üçün layihə sistemli yanaşma ilə həyata keçiriləcək. Xəstəxana və tibbi infrastruktur, o cümlədən birinci dərəcəli səhiyyə müəssisələri əsas regionlarda hərtərəfli şəkildə yenilənəcək və seysmik dayanıqlıq tələblərinə, klinik standartlara, enerji və su səmərəliliyi normalarına, həmçinin ümumi əlçatanlıq və gender adaptivliyi tələblərinə uyğun olaraq modernləşdiriləcək.
2023-cü ilin fevralında baş verən zəlzələlərdən sonra ərazidə aparılan tədqiqatlarının nəticələrinə əsasən, seysmoizolyasiyalı xəstəxanaların əsasən fəaliyyətini davam etdirdiyi, yalnız struktura aid olmayan cüzi zədələr aldığı və konstruktiv zədələrə məruz qalmadığı müəyyən edilib. İnvestisiyalar həmçinin daşqınlar, güclü küləklər və ekstremal istilər kimi iqlim təsirlərinə qarşı dayanıqlığın artırılmasına töhfə verəcək", - məlumatda bildirilir.