Tranzit gərginliyi: Azərbaycanın yüksələn gücü Rusiyada narazılıq doğurur – ÖZƏL

Azərbaycanın Şərqdən Qərbə yükdaşımalarında tranzit rolu sürətlə artır. Orta Asiya ilə əməkdaşlığın genişlənməsi və Transxəzər Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi bu prosesi daha da gücləndirir. Avropa İttifaqı da Orta Dəhlizi Şimal marşrutuna uzunmüddətli alternativ kimi gördüyünü açıq şəkildə bəyan edib.
Lakin Azərbaycanın böyüyən tranzit imkanları Rusiyada bəzi dairələrdə narazılıq doğurur. Buna cavab olaraq, Moskva  Azərbaycandan yan keçərək Şimal-Cənub dəhlizinin şərq qolundan İrana yükdaşımaya başlayıb. Eyni zamanda Gürcüstanın Azərbaycan yük maşınlarına yaratdığı  maneələri də bu fonda diqqət çəkir və Kremlin Tbilisiyə təsiri ehtimalları səsləndirilir.

Maraqlıdır, Azərbaycan-Rusiya münasibətlərində tranzit gərginliyi yaranır? Gürcüstanın maneələri həqiqətən Rusiyanın təlimatları ilə bağlı ola bilərmi?

"Azərbaycanın Şərqdən Qərbə yükdaşımalarında tranzit rolu sürətlə artır və Orta Dəhliz artıq Avropa İttifaqı tərəfindən Şimal marşrutuna real alternativ kimi qiymətləndirilir. Bu yüksəliş regionda logistika balansını dəyişdirir və Rusiyada müəyyən narazılıq doğurur. Moskvanın isə son addımları,  yəni, yükdaşımaları  Azərbaycanın ərazisindən yan keçərək İran üzərindən həyata keçirməsi  narazılığın geosiyasi ifadəsi kimi görünür".

Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"Hesab edirəm ki, Gürcüstanın  Azərbaycan yük maşınlarına yaratdığı süni maneələr də fon proseslərdən kənarda deyil. Ekspertlərin fikrincə, Tbilisinin bu addımlarında Rusiyanın təsir ehtimalı istisna edilmir. Avropa İttifaqının Orta Dəhlizi dəstəkləməsi Rusiyanın bölgədəki ənənəvi nəqliyyat üstünlüyünü zəiflədir. Bakı üçün isə bu, strateji fürsət yaradır. Belə ki, Azərbaycanın tranzit çəkisi artır, ölkə regionun əsas ticarət mərkəzinə çevrilir," - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin fikrincə, Azərbaycan-Rusiya münasibətlərində gərginlik elementləri mümkündür, lakin Bakı milli maraqları qorumaqla yanaşı balanslaşdırılmış siyasətini də davam etdirir və öz tranzit maraqlarını qətiyyətlə müdafiə edir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31