İri şirkətlərin maliyyə idarəçiliyi və dövlətin fiskal siyasəti- ÖZƏL
13:02 İqtisadiyyatİri holdinq və şirkətlərin maliyyə idarəçiliyi və dövlətlərin fiskal siyasəti arasında fərqlər və oxşarlıqlar çoxdur. Fərqləri kənara qoyaraq, araşdırmalar nəticəsində əldə etdiyim 3 vacib oxşar cəhəti diqqətinizə çatdırmaq istərdim:
1. Bir dövlətin büdcəsinin gəlirlər hissəsi dövlətin bu günki vəziyyətinin güzgüsüdür. Bir dövlətin büdcəsinin xərclər hissəsi isə həmin dövlətin sabahının güzgüsü, carçısıdır. Hansı dövlət bu gününü obyektiv, düzgün analiz edib nəticə çıxararaq sabahını (xərclərini) daha peşəkar formalaşdırırsa, həmin dövlət daha dayanıqlı, sabit (burada sabit böyümə davamlı böyümə mənasındadır) və rəqabətədavamlı şəkildə böyüyə, inkişaf edə bilir. Eyni fikir iri holdinq və şirkətlərə də aiddir. Xüsusilə, fəaliyyətlərini həyata keçirərkən biznes analitikası, risklərin idarə edilməsi, maliyyə hesabatlarının (rəqəmlərin təsviri deyil) peşəkar risk və gələcəkyönümlü təhlili, böyüməni kəmiyyətdən çox keyfiyyət üzərində quran şirkətlər zamanın sınaqlarından, makroiqtisadi dalğalanmalardan daha rahat çıxaraq bazarda qala və davamlı inkişaf edə bilirlər!
2. İnkişaf edən dövlətlərin böyüməsi, inkişafı barmaqla sayıla biləcək qədər (bu say 10-u keçmir) bir neçə iqtisadi modelin uğurlu tətbiqi ilə mümkün olmuşdur. Yəni, uğurun səbəbləri lap çox deyil. Lakin, uğursuz, xroniki böhran, iqtisadi fəlakət və çöküşlərə məruz qalmış ölkələrdə səbəblər çoxsaylıdır, rəngarəngdir. Eyni fikir uğurlu iri korporasiyalar və çökmüş, iflas etmiş iri biznes subyektlərinə də aiddir. Qlobal və yerli makroiqtisadi şərait və gerçəklikləri də hesablayaraq risklərin idarə edilməsi daxil olmaqla biznes analitika, maliyyə hesabatlarının düzgün təhlili, davamlı ölçmə-analizlər, yanlışlıqları avtomatik kənarlaşdırmağa imkan verən doğru sistemin qurulması və tətbiqi, səmərəli nəzarət mexanizmlərinin qurulması və formalaşdırılması biznesin davamlılığı, inkişafı və brendləşməsinin əsas fundamentlərindəndir;
3. Bir dövlətin böyüməsi başqadır, inkişaf etməsi başqa. Hansı dövlət iqtisadi böyüməni iqtisadi inkişafa çevirə, inteqrasiya edə bilirsə, o dövlət inkişaf etmiş (inkişaf indikatorlarının bir neçəsi güclü təhsil, səhiyyə, ömür uzunluğu, adambaşına ÜDM, güclü sənaye və xidmət və sair) dövlətə çevrilir. Hansı dövlət iqtisadi böyüməni inkişafa çevirə bilmirsə, o iqtisadi böyümə həmin dövlət üçün müvəqqəti və sabahı üçün ciddi çağırışlar formalaşdıran böyümə rolunu oynayır. Xüsusilə, şirkətin sağlam, keyfiyyətli və davamlı böyüməsi, özünün və məhsullarının brendləşməsi və bazarını genişləndirə bilməsi baxımından eyni fikir iri holdinq və şirkətlərə də aiddir!
Bütün dünyada, o cümlədən ölkəmizdə yuxarıda qeyd etdiyim çağırışlar hazırda qlobal makroiqtisadi təlagümlər kontekstində ən aktual məsələlərə çevrilmişdir. Yuxarıda qeyd olunanlara əlavə olaraq, formal deyil, real olaraq risklərin idarə edilməsi daxil olmaqla biznes analitikanın tətbiqi, şirkətdaxili risk kültürünün və düşüncə tərzinin formalaşması bu gün həlli vacib məsələlərdəndir.
Qeyd olunan istiqamətlər üzrə 1+1=3 prinsipi əsasında formalaşacaq sistem və yanaşmalar əsasında qurulacaq sinerjinin şirkətlərə ciddi faydalar verəcəyinə inanıram!
Elman Sadıqov
İqtisadi ekspert