Parlamentdə yerli media üçün vergi güzəşti təklif olundu
12:18 İqtisadiyyat"Müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalır. Lakin son illər bu sahənin iqtisadi dayanıqlığı müəyyən sınaq qarşısındadır. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət TV və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də "TikTok", "Meta", "Google" və digər qlobal resursların Azərbaycan TV və radiolarının reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib: "Nəticədə yerli tv və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir. Xərclər artır, ona görə ki, TV və radio virtual yox, real infrastrukturdur. Belə davam etdiyi halda, TV və radioların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün dövlətin dəstəyinə ciddi ehtiyac duyula bilər".
E. Mirzəbəyli qeyd edib ki, hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır. Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsinə vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir, amma reklam gəlirlərinin böyük hissəsinə sahiblənirlər.
"Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. TV və radioların əməkhaqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri realdır. Rəqəmsalda isə bu xərclərin əhəmiyyətli hissəsi tələb olunmur. Bu isə, mahiyyət etibarilə ədalətli rəqabət deyil".
"Dövlət qurumlarının reklam büdcəsinin müəyyən hissəsi yerli mediaya yönəldilsə, daha doğru olar. Əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı".
Deputat qeyd edib ki, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər.
"Xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, "TikTok", "Meta", "Google" və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır" - deyə o qeyd edib.