Azərbaycandan Avropaya enerji kabeli layihəsi Avropa İttifaqının prioritet layihələr siyahısına düşüb
12:04 İqtisadiyyatAvropa İttifaqı Azərbaycandan Avropaya "yaşıl" enerji dəhlizinin yaradılmasını nəzərdə tutan "Black Sea Interconnection Cable" layihəsini qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısına daxil edib.
Bu barədə Olaylar.az Avropa Komissiyasına istinadən məlumat verir.
Qeyd edək ki, Avropa Komissiyası ümumilikdə 235 transmilli enerji təşəbbüsünə ümumi maraq doğuran layihə (PCI) və qarşılıqlı maraq doğuran layihə (PMI) statusu verib.
Seçilmiş layihələr Avropa İttifaqının "Connecting Europe Facility" mexanizmi çərçivəsində maliyyələşdirmə üçün müraciət etdmək , həmçinin operativ həyata keçirilmə üçün sürətləndirilmiş icazə və tənzimləmə prosedurlarından yararlanmaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə 1000 MVt gücündə, uzunluğu 1195 kilometr olan sualtı enerji kabelinin salınmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu kabel vasitəsilə Azərbaycanda və Gürcüstanda istehsal olunan "yaşıl" elektrik enerjisi Rumıniyaya, oradan isə Macarıstana və digər Avropa ölkələrinə ötürüləcək ki, bu da Avropanın Qafqaz regionundan bərpa olunan enerji mənbələrinə çıxışını gücləndirəcək. Bolqarıstan da layihəyə qoşulmaqda maraqlı olduğunu bildirib.