QHT sədrindən həyəcanlı açıqlama: Şirin su ehtiyatı azalır- ÖZƏL
12:52 İqtisadiyyat"Son 30 ildə dünya əhalisinin sayının artması, baş verən sənaye inqilabları və qlobal iqlim dəyişiklikləri su ehtiyatlarının azalmasına səbəb olub. Su ehtiyatlarının azalması təkcə bir regionu əhatə edən problem deyil. Bütün dünyada şirin su ehtiyatlarının azalması müşahidə olunur." Bu fikirləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib: " Azərbaycan da su resursları az olan və getdikcə azalan ölkələr sırasındadır. Alimlər su çatışmazlığının yarada biləcəyi problemlərlə bağlı həyəcan təbili çalırlar. Hesablamalara görə, yaxın gələcəkdə yaşanacaq su çatışmazlığı ekoloji fəlakətə yol açacaq, dövlətlər arasında su müharibələri alovlanacaq. Proqnozlara görə, 2026-cı ildə su indikindən daha az olacaq. BMT-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarında bildirilir ki, Azərbaycanda yaxın gələcəkdə su ehtiyatları 15-20 faiz azalacaq." Elman Cəfərlinin sözlərinə görə çox təəssüf ki, şirin su ehtiyatlarımız zamanla azalır və bərpa olunmur. Xəzər dənizi ilə bağlı fikirlər və yanaşma fərqlidir. Hesab olunur ki, dünyanın qapalı su hövzələrindən olan Xəzər dənizində su səviyyəsinin artıb-azalması mütəmadi baş verir: "Məsələn, tarixi mənbələrin məlumatına görə, bir zamanlar Qız Qalası Xəzərin içərisində imiş. Bugünlərdə Lənkəranda sahilindən çəkilmiş foto və video-materiallarda dənizin geri çəkilməsi nəticəsində üzə çıxan ağac kötükləri bir zamanlar burada meşəlik ərazisinin olduğunu təsdiq edir. Göründüyü kimi Xəzərin çəkilməsi təhlükəli proses deyil və gölün tamamən quruyacağı haqqında deyilənlər doğru deyil. Amma təəssüf ki, Azərbaycanın içməli su ehtiyatlarının əsasını təşkil edən çaylar haqqında bunu demək olmaz." Elman Cəfərli deyib ki, bir zamanlar Kür çayı gəmi nəqliyyatı üçün əlverişli idi. Tarixi qaynaqlar xəbər verir ki, hətta Xəzərdə Gürcüstan sərhədinə qədər yük gəmiləri hərəkət edirmiş. Bu gün isə Kür çayında gəmi nəqliyyatı mümkün deyil:" Bir neçə il bundan qabaq çayın mənsəbi qurumuş, Xəzərlə əlaqə kəsilmiş, çayda adacıqlar yaranmışdı. Kür hövzəsində yağıntının normadan az düşməsi, yaşıllıq sahələrinin azalması, qonşu ölkələrdə Kürdən su götürmənin artması çayda suyun daha da azalmasına səbəb olacaq. Qarşıdakı illərdə su qıtlığının ciddi fəsadlar verməməsi üçün effektiv su idarəetməsinin tətbiqinə ehtiyac yaranacaq. Fermerlə iş aparılmalı, maarifləndirmə tədbirləri gücləndirilməli, daha qənaətcil suvarma sistemləri tətbiq olunmalıdır. İri şəhərlərdə yaşıllaşdırma sahələrində və avtoyuma müəssisələrində təmizlənmiş, təkrar emaldan keçmiş tullantı sularından istifadə təcrübəsi genişləndirilməlidir".
İbrahim Məmmədli