Əmək haqqını artıran sahibkarlara vergi güzəştləri təklif olunub

"Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əmək haqqını artıran sahibkarların ödədikləri əmək haqqlarına ən azı bir il müddətinə vergilərdən 50% güzəşt tətbiq olunsun". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. Deputat bildirib ki, sadələşdirilmiş verginin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması bir mühüm bir yenilikdir: "Hazırda Azərbaycan dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı isə gömrük ödənişləri hesabına formalaşır. Gürcüstan dövlət büdcəsində dövlət büdcə gəlirlərinin hər 100 manatının 78 manatı vergi hesabına formalaşır. Türkiyənin dövlət büdcəsində hər daxil olan 100 manatın 86 faizi dövlət vergilərinin hesabına formalaşır. Yəni Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və bu istiqamətdə dövlətin iqtisadi siyasətini həqiqətən də sosial olduğunu deməyə bir də əsas verir. Amma bu o deməkdir ki, biz bu istiqamətdə vergi dərəcələrini deyil, vergi bazasının artması yönündə də müəyyən işlər görmək lazımdır. Biz hər zaman vergi güzəştləri, vergilərin azad olunması ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsindən gəlirlərdən 7,3 milyard manat həcmində azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyardı gömrükdən azadolmalardır, 3,8 milyardı isə sahibkarlıqdan azadolmalardır. Bu dövlət büdcəsi gəlirlərinin 20%-ə yaxındır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31