Neft Fondundan büdcəyə transfert 1,7 milyard azaldılır
12:45 İqtisadiyyat"2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaqdır ki, bu da cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur. Bununla da, cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülən hissəsi 88 faiz proqnozlaşdırılır".
Olaylar xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcəkdir.
Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Bu daxilolmaların 3,6 milyard manatı konsorsiumlar və ARDNŞ-in, 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
S.Babayev vurğulayıb ki, qeyri-neft gəlirlərində artım hesabına 2026-cı ildə Fonddan dövlət büdcəsinə transfertin həcmi 1,7 milyard manat azalacaqdır. "Bu amil Dövlət Neft Fondunun ehtiyatlarının qorunması strategiyamıza tam uyğundur".