Səlim Müslümov Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çeliklə görüşüb

İyulun 12-də Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan S.Müslümov Azərbaycanın qardaş Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən sosial sahədə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını,  Azərbaycanla Türkiyə arasında sosial sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Fondun sədri "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin 1998-ci ildə imzalandığını xatırladıb. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan həmin Sazişə uyğun olaraq Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları  qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır. S.Müslümov nəzərə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş ölkənin vətəndaşları digər ölkələrlə müqayisədə çoxdur. Ümumilikdə Fondun fərdi uçot sistemində 92 ölkənin vətəndaşları qeydiyyatdadır və onların 58,2 faizi Тürkiyə vətəndaşlarıdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31