Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar açır - Nargiza Umarova
15:00 İqtisadiyyatZəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar açaraq Orta Dəhlizin tranzit potensialını genişləndirir.
Bunu BU GÜN Daşkənddə Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin (DİDU) Beynəlxalq Perspektivli Tədqiqatlar İnstitutunun (BPTİ ) elmi əməkdaşı, "Bilim karvoni" qeyri-hökumət elmi təşkilatının eksperti Nargiza Umarova jurnalistlərə açıqlamasında bildirib.
"Zəngəzur dəhlizi ölkələrimiz üçün əla imkandır, çünki biz - həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz - eyni istiqamətdə hərəkət edərək öz tranzit potensialımızı reallaşdırmağa çalışırıq. Bu, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini genişləndirəcək", - deyə Umarova qeyd edib.
Onun sözlərinə görə, yeni marşrutlar yüklərin bölüşdürülməsinə imkan verəcək ki, bu da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, eləcə də Xəzər və Qara dəniz limanlarına düşən yüksək yük fonunda xüsusilə aktualdır. "Burada yük axınlarının bölgüsü baş verəcək və Orta Dəhliz boyunca yerləşən ölkələr çox böyük həcmi qəbul edə biləcəklər. Mərkəzi Asiya da öz tərəfindən bu tranzit potensialının genişləndirilməsi üçün ciddi addımlar atır", - deyə ekspert vurğulayıb.
Umarova həmçinin layihənin Özbəkistan üçün əhəmiyyətinə diqqət çəkib. "Özbəkistan üçün əsas məsələlərdən biri perspektivli bazarlara, bu halda Avropa İttifaqına yükdaşımaların vaxtının qısaldılmasıdır. Zəngəzur dəhlizi məhz bu məsafəni azaltmaq imkanı yaradır. Bu, Özbəkistan üçün prinsipial məsələdir", - deyə o bildirib.
Ekspert xatırladıb ki, layihənin icrası ölkənin nəqliyyat sahəsinin inkişaf strategiyasına tam uyğun gəlir. "O, 2030-cu ilə qədər nəqliyyat sahəsinin inkişaf konsepsiyamızda da qeyd olunub. Biz qarşımıza tranzit potensialımızın gücləndirilməsi, Özbəkistan ərazisindən keçən tranzit daşımalarının ikiqat artırılması və bununla əlaqədar bu daşımaların ucuzlaşdırılması kimi məqsədlər qoymuşuq", - deyə Umarova əlavə edib.
O vurğulayıb ki, Daşkənd təşəbbüsü fəal şəkildə dəstəkləyir. "Təbii ki, Özbəkistanın bu təşəbbüsü ilk dəstəkləyənlərdən olması təsadüfi deyil və təəccüblü də deyil - bu, müxtəlif formatlarda, o cümlədən məsləhətləşmə görüşlərində, ŞƏT sammitlərində, Türk Dövlətləri Təşkilatının sammitlərində açıq şəkildə ifadə olunur. Buna görə də, hər zaman olduğu kimi, Özbəkistan Zəngəzur dəhlizinin açılmasına dəstək mövqeyində qətiyyətlə dayanır", - deyə ekspert yekunlaşdırıb.