Yaxın gələcəkdə "Black Sea Energy" layihəsinə yeni iştirakçıların rəsmi qoşulması gözlənilir - Özbəkistanlı ekspert
14:48 İqtisadiyyatYaxın vaxtlarda Azərbaycanın "yaşıl" enerjisinin Gürcüstan və Rumıniya üzərindən Avropaya nəqlini nəzərdə tutan Qara dəniz enerji kabeli (Black Sea Energy) layihəsinə yeni iştirakçıların qoşulması ilə bağlı rəsmi elanı gözləmək olar.
Bunu bu gün Daşkənddə Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti nəzdindəki Enerji Geosiyasəti Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə açıqlamada deyib.
"Müxtəlif ölkələr bu layihədə iştiraka maraq göstərir, belə ki, onların elektrik enerjisinə tələbatı artır. Düşünürəm ki, yaxın vaxtlarda biz məhz digər iştirakçıların da bu layihəyə qoşulmasının rəsmi elanının şahidi olacağıq", - deyə İbrahimov bildirib.
Ekspert həmçinin, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinin böyük potensiala malik olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, ilkin hesablamalar Avropada elektrik enerjisinə yüksək tələbat fonunda, eləcə də Özbəkistan və Qazaxıstanda bərpaolunan mənbələrdən enerji istehsalının artacağı proqnozu nəzərə alınmaqla bu təşəbbüsün perspektivli olduğunu təsdiqləyir.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl" enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrası üçün "Green Energy Corridor Energy Company" (GECO) adlı şirkət yaradılıb. Bu günədək nazirlər və İdarəetmə Komitəsinin 10 iclası keçirilib və layihənin texniki-iqtisadi əsaslandırmasını CESI şirkəti həyata keçirir.