1 milyon manat sığorta haqqı ödənilib – Ən çox ziyan bu meyvəyə dəyib
14:02 İqtisadiyyatAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara sığorta ödənişləri sürətlə artmaqdadır.
Olaylar.az xəbər verir ki, fermerlərin faydalandığı sahələrdən biri də meyvə bağlarıdır. Xatırladaq ki, aqrar sığoorta üzrə ümumilikdə 41 növ bitki və bitki məhsulu sığortalamaq mümkündür. Sığortalanan bitkilərin bir hissəsi meyvələrdir. Belə ki, aqrar sığorta vasitəsilə albalı, alça, alma, armud, badam, çiyələk, ərik, fındıq, gavalı, gilas, heyva, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm, zeytun bağlarını sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, bu ilin ötən dövründə meyvə bağlarının sığortası üzrə həyata keçirilən ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb. Meyvə bağları üzrə ödənişlər alça, alma, armud, badam, ərik, fındıq, gavalı, gilas, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm bağları üzrə həyata keçirilib.
Ən böyük sığorta ödənişləri üzüm, gilas, şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrə edilib.
Üzüm bağlarına dəymiş zərərlər üzrə indiyədək 168 min manat, gilas bağlarına dəymiş zərərlər üzrə 136 min manat, şaftalı-nektarin bağları üzrə 110 min manat, badam bağlarına dəymiş zərərlər üzrə isə 93 min manat sığorta ödənişi həyata keçirilib. Müxtəlif hadisələrdən zərər çəkmiş alma və alça bağlarına müvafiq olaraq 77 min manat və 67 min manat sığorta ödənişi edilib.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə meyvə bağlarında toplanacaq məhsulla yanaşı, tingləri və ağacları da ayrıca sığorta etmək mümkündür.
Dövlət tərəfindən təqdim olunan 50 faizlik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Fonddan bildirilir ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. (Musavat)