Ermənistan-Azərbaycan-Türkiyə marşrutları açılanda Gürcüstanın tranzit itkiləri: Tbilisi 20% yükdən məhrum ola bilər – ÖZƏL
09:36 İqtisadiyyatErmənistan, Azərbaycan və Türkiyə arasında yeni nəqliyyat marşrutlarının açılması Gürcüstanın tranzit yük axınında ciddi itkilərin yaranması riskini artırır.
Olaylar.az xəbər verir ki, Nəqliyyat Dəhlizləri Araşdırma Mərkəzinin direktoru Paata Çağareişvili Sputnik Ermənistan-a verdiyi müsahibədə bildirib ki, Gürcüstan tranzit yüklərinin 15-20%-ni itirmək təhlükəsi ilə üz-üzədir.
Çağareişvilinin hesablamalarına görə, regionda nəqliyyat əlaqələrinin bərpası fonunda Gürcüstan 1,5-2 milyon ton, yəni Orta Dəhliz üzrə tranzit axınının təxminən 15-20%-i həcmində itki verə bilər. Gürcüstan ərazisindən ildə təxminən 18-20 milyon ton yük daşınır.
Ekspertin fikrincə, ilk növbədə avtomobil marşrutları işə düşəcək. Dəmir yolu əlaqəsinin tam bərpası və işə salınması Ermənistan ərazisindəki qeyri-müəyyənlik səbəbindən 5-6 il çəkə bilər.
Hazırda Türkiyədən Ermənistana gələn yüklər Gürcüstan üzərindən tranzitlə keçir və Tiflis terminalında boşaldılır. Ermənistan-Türkiyə sərhədi açıldıqdan sonra bu axın birbaşa, Gürcüstanı yan keçməklə hərəkət edəcək.
Ermənistanın Kayan-Hrazdan dəmir yolu xətti vasitəsilə Orta Dəhlizə qoşulması (Çin - Xəzər - Azərbaycan - Ermənistan - Türkiyə) Gürcüstanı kənarlaşdıra bilər.
Çağareişvili Gürcüstan və Ermənistanın rəqabət qabiliyyətini qorumaq üçün təcili tədbirlər görməli olduğunu vurğulayıb. O, xüsusilə Mərkəzi Asiyanın, ilk növbədə Qazaxıstanın böyük yük potensialına (2023-cü ildə 132 milyon ton yük) diqqət çəkib. Hazırda bu həcmin yalnız 2%-i Gürcüstan vasitəsilə keçir.
Ermənistanın Sünik bölgəsində dəmir yolunun bərpası halında Çin, Hindistan və Körfəz ölkələrindən yüklərin İranın Çabahar limanı və Ermənistan üzərindən Avropaya, Qara dəniz limanlarına çatdırılması mümkün olacaq. Bu halda Ermənistan regionun əsas nəqliyyat dəhlizləri arasında birləşdirici halqaya çevriləcək.
Ekspertin fikrincə, belə miqyaslı itkilərin qarşısını almaq üçün Gürcüstan tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yükdaşıyıcıları stimullaşdırmalıdır. Regional rəqabətin kəskinləşməsi fonunda həm Tiflisin, həm də İrəvanın əsas vəzifəsi Mərkəzi Asiyadan maksimum yük həcmini öz dəhlizlərinə cəlb etməkdir.