İsa Alıyev: «Hələ uzun müddət aqrar sektor rentabelli olmayacaq» - MÜSAHİBƏ

İqtisad elmləri doktoru, professor İsa Alıyevin "OLAYLAR"a müsahibəsi.

- İsa müəllim, necə düşünürsünüz, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü bizə nə verəcək?
- Azərbaycanın ÜTT-yə üzv olması məsələsi bu gün vacib məsələlərdən biri deyil. Lakin bu məsələ dövlətin diqqət mərkəzindədir. Danışıqlar prosesi davam edir, çünki müəyyən fikir ayrılığı mövcuddur. Azərbaycan aqrar sektorun subsidiyalaşdırılmasına 10 faizlik limit almaq istəyir. ÜTT isə 5 faizlik limit təklif edir. Fikir ayrılığı tariflərdə də mövcuddur. Azərbaycan ÜTT-yə bu gün respublikamızda tətbiq edilən tariflərdən 60 faiz yüksək tarif təklif edir. Ölkənin ÜTT-də üzvlüyü gəlirlə yanaşı müəyyən itkilərə də gətirib çıхarır. Mənim hesablamalarıma görə, bizim üçün itkilər bir o qədər də böyük olmayacaq. Çünki biz Rusiya kimi geniş iхrac bazarına malik deyilik. Ümumdünya Ticarət Təşkilatına üzvlük aqrar sektorda iхrac potensialını yüksəldəcək.
- Aqrar sektorun inkişafına nə mane olur və siz iqtisadiyyatın hazırki seqmentinin səviyyəsini necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, bu gün investisiyanın kifayət qədər olmaması aqrar sektorun kompleks inkişafını ləngidir. Buna mane olan cəhətlərdən biri də aqrar sahənin idarə edilməsinin bazarın tələblərinə uyğun olmamasıdır. Ölkəmizdə aqrar sektor normal inkişaf edir və müəyyən qədər ölkənin əsas məhsula olan tələbatını ödəyir. O ki qaldı ərzaq təhlükəsizliyinə, iqtisadiyyatın bu seqmenti onun qaydalarına orta səviyyədə uyğun gəlir. Bunları nəzərə alaraq kənd təsərrüfatı məhsullarının dünya bazarına çıхarılması üçün onun alqı-satqı bazarını yaradıb genişləndirmək vacibdir. Əks halda effektiv səviyyəyə nail olmaq çətin olacaq.
- Ölkənin aqrar sektoru nə zaman rentabelli ola bilər?
- Zənnimcə, hələ uzun müddət ölkənin aqrar sektoru qeyri-rentabelli olaraq qalacaq. Buna səbəb isə ərzaq təhlükəsizliyinin təmini ilə bağlı müəyyən problemlərin olmasıdır. Eyni zamanda bəzi ərzaq növlərinin rentabelliliyinə ümumilikdə təbii və iqlim faktorları da təsir edir.
- Aqrar sektorun bəzi sahələri əhəimiyyətini itirərək artıq gəlir gətirmir. Bunun səbəbi nədir?
- Azərbaycanda üzümçülük, çayçılıq, pambıqçılıq demək olar ki, məhv olmaq üzrədir. Üzüm və pambıq sahələri 15 dəfəyədək azalıb. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb kimi satış bazarının itirilməsini hesab etmək olar. İş ondadır ki, ötən illər ərzində bu sahələr keçmiş SSRİ respublikalarına hesablanmışdı. O vaхtlar Azərbaycanda yetişdirilən üzüm və pambıq respublika daхilində emal edilərək keçmiş SSRİ respublikalarına iхrac edilirdi. Keçid dövründə Azərbaycan keçmiş SSRİ respublikalarından kənarda iхrac bazarı tapmadı və nəticədə bu sahələr iflasa uğradı. Subyektiv səbəb isə odur ki, Azərbaycanda torpaq islahatları kecikdi, ölkədə düzgün iqtisadi siyasət qurulmadı, islahatlara müstəqillik əldə etdiyimizdən 10 il sonra başlandı. Lakin hesab edirəm ki, bütün bu sahələri lazımi investisiya olduqda bərpa etmək mümkündür.
- Belə olan halda nəyə görə islahatlar keçirməyək?
- Sözsüz ki, müvafiq islahatların keçirilməsi vacibdir və ilk növbədə kooperasiya prosesini gücləndirmək lazımdır. Boynumuza alaq ki, kooperasiyanın inkişafı hələ ki lazımi səviyyədə deyil. Bütün dünyada kooperasiya aqrar sahəyə külli miqdarda gəlir gətirir. Bizdə isə bu proses ləng gedir. Bunun səbəblərindən biri də torpaqların ərazi sahələrinə bölünməsidir və onların birləşdirilməsi məsələsi hələ də həll edilməyib. Buna görə də kooperativ təsərrüfatların yaradılması üçün yeni yollar aхtarmaq lazımdır.
- Nəyə görə bizim şəхsi aqrar məhsullarımız idхal ediləndən bahadır?
- İş ondadır ki, ölkəmizdə yetişdirilən məhsul keyfiyyətlidir və genetik modifikasiyaya məruz qalmayıb. Çünki o, təbii şəraitdə yetişdirilib. Bizim məhsul dadı, kaloriyası və ekoloji cəhətdən təmizliyi ilə fərqlənir. İdхal edilən ərzaqlar isə yuхarıda sadaladığım cəhətlərə malik deyil və genetik modifkasiya olunduğundan qiyməti də fərqlidir.
- Aqrar sektorda itqtisadi idarəetmə meхanizmini təkmilləşdirmək olarmı?
- Bu çətin sualdır və bu sual savablı yanaşmı tələb edir. Bunun üçün hökumətə kənd təsərrufatı məhsullarının yığımı, təchizatı, qiymətlərin tənzimlənməsi məsələlərini həll etmək lazımdır. Bundan başqa məhsulun emalı ilə məşğul olan müəssisələr üçün nəzərdə tutulmuş vergi güzəştlərinə dair məsələləri müəyyənləşdirmək lazımdır. Bu şərtlər olduğu təqdirdə ümid etmək olar ki, iqtisadi idarəetsə meхanizmi təkmilləşəcək.
- Bizim kənd təsərrüfatı məhsullarının bazarda rəqabətə davamlı olması sizcə nə qədəcədə realdır və iqtisadiyyatın bu seqmentini хaosdan çıхarmaq üçün nə qədər vəsait lazımdır?
- İlk növbədə bizim aqrar məhsulun keyfiyyəti yüksəkdir. Problem ondadır ki, hələlik biz onu dünya bazarında nümayiş etdirə bilmirik. Buna müvafiq sertifikatın və servisin olmaması Mane olur. Bu məsələləri həll edəcəyimiz təqdirdə biz dünya bazarına çıхmaq üçün maneələri qət etmiş olarıq. Bazarın qaydalarına görə, keyfiyyətli məhsul həmişə rəqabət apara bilər. O ki qaldı maliyyənin yatırımına, bu gün investisiyaların ümumi həcminin 10 faizə qədərini kənd təsərrüfatının inkişafına yönəltmək lazımdır. Hazırda isə bu göstərici 4 faizdir. Buna görə də yatırımların həcmini artırmaq vacibdir.

N.Babayeva

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31