Rəqəmsal dünyanı qoruyan yeni qlobal sənəd qəbul edilib- ÖZƏL

"Uzun müddət olardı ki, BMT "Kibercinayətkarlığa qarşı" Konvensiya üzərində işləyirdi. 2019-cu ildən başlanan bu prosesdə Azərbaycan da ən aktiv iştirak edənlərdən idi. Xatırlayıram ki, Azərbaycan nümayəndə heyəti - DTX, XRİTDX və XİN əməkdaşları bu konvensiyanın  hazırlanması və müzakirələrində aktiv iştirak edib və bununla bağlı açıqlamalar olub. Bu isə, ölkəmizin kiber sahədə hüquqi və texniki mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun  Presidenti Osman Gündüz deyib: "Ötən gün artıq məlumat verilib ki , Vyetnamın paytaxtı Hanoy şəhərində BMT "Kibercinayətkarlığa qarşı" Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Beş illik danışıqların və geniş müzakirələrin nəticəsi olaraq hazırlanan bu sənəd artıq 72 ölkə tərəfindən imzalanıb. Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi  Əli Nağıyev imzalayıb.
Yeni Konvensiya kibercinayətkarlığın qarşısının alınması, elektron sübutların beynəlxalq mübadiləsi, dövlətlər arasında hüquqi əməkdaşlıq, eləcə də inkişaf etməkdə olan ölkələr üçün texniki yardım və potensialın artırılmasını nəzərdə tutur.
Yeri gəlmişkən, Avropa Şurasının 2001-ci ildə qəbul edilən "Kibercinayətkarlığa qarşı mübübarizə" haqqında Budapeşt Konvensiyasından fərqli olaraq, BMT Konvensiyası bütün dünya ölkələrini əhatə edən ilk universal sənəd sayılır. 
Əgər Budapeşt Konvensiyası əsasən Avropa hüquq sistemi və insan hüquqları kontekstində, daha dar və texniki konteksdə  formalaşmışdısa, BMT Konvensiyası daha geniş - qlobal ədalət və kollektiv müdafiə prinsiplərinə əsaslanır. Dövlətlərarası əməkdaşlıq, texniki yardım, potensialın artırılması, və daha geniş beynəlxalq əməkdaşlıq aspektlərini əhatə edir.
Bu sənədin qəbul edilməsilə rəqəmsal təhlükəsizliyə dair beynəlxalq əməkdaşlığın yeni mərhələsi başlayacaq. Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin kiberdayanıqlıq, beynəlxalq etimad və rəqəmsal diplomatiya sahəsində artan nüfuzunun bariz göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31