"Uzbekneftqaz" və SOCAR Üstyurt yaylasında aparılan işlərin sürətləndirilməsini müzakirə ediblər
17:50 İqtisadiyyat"Uzbekneftqaz" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti ilə Üstyurt yaylasında geokəşfiyyat işlərinin aparılması və onların sürətləndirilməsinə dair Məhsulun Pay Bölgüsü Sazişinin həyata keçirilməsinə həsr olunmuş danışıqlar aparıb.
Olaylar bu barədə "Uzbekneftqaz" SC-yə istinadən məlumat verir.
Görüş "Türkmənistanın Nefti və Qazı -2025" beynəlxalq sərgisi və konfransı (OGT-2025) çərçivəsində baş tutub
Danışıqların yekununda tərəflər sahə işlərinin sürətləndirilməsi, tələb olunan texniki və logistika resurslarının təmin edilməsi, eləcə də layihənin cari mərhələsinin səmərəliliyinin artırılmasına yönəlmiş kompleks tədbirlər barədə razılığa gəliblər.
Tərəflər, həmçinin süni intellekt alətlərinin, rəqəmsal həllərin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərini razılaşdırıblar. Bu, istehsalın səmərəliliyinin artırılmasına, xərclərin optimallaşdırılmasına və ekoloji dayanıqlığın təmin edilməsinə imkan yaradacaq.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında "Uzbekneftqaz" və SOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş imzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən seysmik kəşfiyyata və Üstyurt yaylasında karbohidrogen hasilatına hazırlıq işlərinə start verilib.