Mikaelyan: Qazaxıstan taxılının Azərbaycan üzərindən tranziti Rusiya tədarüklərinə alternativ deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, erməni politoloq Qrant Mikaelyan hesab edir ki, Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana tranziti Rusiyadan gələn taxıl tədarüklərini əvəz edə biləcək etibarlı bir alternativ deyil, sadəcə əlavə imkandır.

Mikaelyanın bu açıqlaması Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırıldığını və ilk tranzit yükünün Qazaxıstan taxılı olduğunu bildirməsindən sonra verilib. Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan isə taxılın Aktau - Bakı (Xəzər dənizi ilə), daha sonra Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə çatdırılacağını təsdiqləyib.

Politoloq bildirir ki, əvvəllər tətbiq olunan tranzit məhdudiyyəti "tamamilə süni" idi və onun aradan qaldırılması sülhün gəlməsi demək deyil. O qeyd edib ki, bu, yalnız "nifrətin cüzi zəifləməsidir" və Ermənistan rəhbərliyinə hansısa irəliləyişi göstərməyə imkan verir.(?)

Qrant Mikaelyan vurğulayıb ki, bu marşrut Mərkəzi Asiya və Çindən gələn yüklər üçün istifadə oluna bilər, lakin Ermənistanın ərzaq təhlükəsizliyinin bu yoldan asılı vəziyyətə düşməsi "təhlükəli deyil". O, marşrutun dəmir yolu, dəniz və yenidən dəmir yolunun birləşməsindən, həmçinin iki sərhədin keçilməsindən ibarət olması səbəbindən ucuz olmayacağını və daha çox "göstərici tədarük" xarakteri daşıyacağını qeyd edib.

Ekspertin fikrincə, Rusiyadan asılılığı azaltmaq məqsədilə Azərbaycandan asılılığa düşmək "yanlışdan da artıqdır". Politoloq sonda bildirib ki, bu marşrut tamdəyərli alternativ ola bilməz və ondan yalnız vaxtaşırı istifadə ediləcək, çünki Azərbaycan Ermənistanın siyasətindən narazı qaldığı təqdirdə yolu dərhal bağlaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31