TransXəzər iqtisadiyyatın və innovasiyaların inkişafı üçün böyük fürsətdir- ÖZƏL
26 Sentyabr 10:26 İqtisadiyyat"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında diqqət cəlb edən məqamlardan biri də TransXəzər layihəsilə bağlıdır. Prezident çıxışında "Rəqəmsal İpək Yolu" layihəsinə xüsusi önəm verildiyini, onun tərkib hissəsi olan TransXəzər rabitə xəttinin, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsinin Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsində mühüm rol oynayacağını vurğulayıb. Xatırladıram ki, Azertelecom tərəfindən icra olunan bu layhə Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək TransXəzər rabitə xəttinin çəkilməsini nəzərdə tutur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "Artıq layihəyə start verilib, podratçılar müəyyənləşib, texniki nəzarətçi və məsləhətçi şirkətlər müəyyən olunub, müqavilələr imzalanıb, marşrutun keçəcəyi sualtı ərazilərin tədqiqatına başlanıb. Son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub. Əgər Prezident səviyyəsində BMT tribunasında bu layihə ilə bağlı önəmli fikirlər səslənirsə düşünmək olar ki, biz artıq TransXəzərin reallaşması ərəfəsindəyik.
Azərbaycanın rəqəmsal mərkəzə və transit mərkəzinə çevrilməsi, qlobal şirkətlərin Azərbaycana maraq göstərməsi və resurslarını Azərbaycana daşıması, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya infrastrukturunun əsas hissəsinə çevrilməsi baxımından Transxəzər layihəsi strateji əhəmiyyət kəsb edir.
TransXəzər rabitə xətti yalnız rabitə yolu deyil, həm də rəqəmsal iqtisadiyyatın və innovasiyaların inkişafı üçün böyük fürsətdir. Rəqəmsal infrastrukturun inkişafı və qlobal texnoloji şirkətlərin cəlb edilməsi Azərbaycanın bölgədəki rəqabət qabiliyyətini xeyli gücləndirəcək".