"Masdar" Azərbaycandakı layihələrə yatırılacaq investisiyaların həcmini açıqlayıb

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycandakı layihələrə 1,2 milyard ABŞ dolları həcmində investisiya yatıracaq.

Olaylar xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin MDB ölkələri üzrə İnkişaf və İnvestisiya rəhbəri Məryəm Al Mazroyi Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O xatırladıb ki, "Masdar" Azərbaycanda ilk böyük utility ölçülü bərpa olunan enerji layihəsini həyata keçirdi və bu layihə hazırda artıq demək olar ki, iki ildir fəaliyyət göstərir: "Bu, 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasıdır.
"Baku Energy Week" çərçivəsində strateji tərəfdaşımız SOCAR ilə birgə Azərbaycanda əlavə 1 gigavatlıq layihələrin inkişafı üçün çox önəmli bir razılaşma imzaladıq. Bu layihələrə hal-hazırda tikilməkdə olan iki günəş elektrik stansiyası daxildir. Üçüncü layihə isə 240 meqavatlıq quru tipli külək enerjisi layihəsidir. Bu layihələrlə "Masdar" Azərbaycanda təxminən 1,2 milyard ABŞ dolları həcmində investisiya həyata keçirmiş olacaq".

"Masdar" rəsmisi qeyd edib ki, onlar tərəfdaşları ilə birgə ölkədə əlavə bərpa olunan enerji layihələrinin inkişafını da araşdırır: "Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq və yaşıl elektrik enerjisinin Avropaya ixracını təmin edən bir koridorun yaradılması təşəbbüsləri çərçivəsində bu imkanlar daha da genişlənəcək.

Biz bölgədə, o cümlədən Özbəkistanda da fəal fəaliyyət göstəririk. Özbəkistanda ən böyük investorlarımızdan biriyik və artıq sözügedən ölkəyə 2 milyard ABŞ dolları həcmində investisiya qoymuşuq. Bu, 2 giqavatlıq bərpa olunan enerji layihələrini əhatə edir: əsasən günəş enerjisi və 500 meqavatlıq quru tipli külək layihəsi".

Hazırda Qazaxıstanda da fəal işlədiklərini deyən "Masdar" rəsmisi bildirib ki, burada regionun ən böyük layihələrindən biri olan 1 giqavatlıq quru külək enerjisi layihəsi həyata keçirilir: "Həmçinin 600 meqavat-saatlıq sürətli enerji saxlama sistemini layihəyə inteqrasiya edirik. Bundan əlavə, bölgədə Gürcüstan, Ermənistan, Tacikistan və Özbəkistan kimi ölkələrdə də əlavə layihələri araşdırırıq.

Regionda, o cümlədən Özbəkistan, Qazaxıstan və Azərbaycanda, artıq maliyyələşdirilə bilən çərçivələr tətbiq olunub. Bu çərçivələr layihələrin inkişafını asanlaşdırır və inkişaf edən layihələrə DFİ-lərin (Development Finance Institutions) investisiyasını cəlb edir. İndi, məsələn, 600 və ya 200 meqavatlıq layihə elan etdikdə, kapitala çıxış əldə etmək çox asandır".

Məryəm Al Mazroyi qeyd edib ki, texniki baxımdan diqqət yetirilməsi vacib olan ilk məqam şəbəkə infrastrukturu və onun çevikliyidir: "Çünki bərpa olunan enerji resursları adətən tələbin olduğu yerlərdən uzaqda yerləşir. Bu səbəbdən müasir, rəqəmsal və bəzi enerji saxlama həllərini (batareya və ya su anbarı saxlama sistemləri) əhatə edən şəbəkə infrastrukturu zəruridir. Bu, layihələrin tətbiqinin sistemin inkişafına töhfə verməsini təmin etmək üçün vacibdir.

Digər vacib məqam siyasət, tənzimləmə və çərçivədir. Bərpa olunan enerji layihələri üçün müəyyən hədəflər təyin etmək asandır, lakin çərçivənin effektiv olması, icazə proseslərinin sadə olması və xarici investorları cəlb etmək üçün çoxlu mürəkkəb addımların tələb olunmaması daha önəmlidir".

"Son vacib məqam isə bacarıqlar və təchizat zənciridir. Lazımi texniki bacarıqları tapmaq bəzən çətin olur. "Masdar" olaraq biz layihələrin həyata keçirilməsi və idarə olunmasında yerli bacarıqların inkişafına xüsusi diqqət yetiririk. "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsi hazırda 100% Azərbaycan tərəfindən idarə olunur. Biz yerli heyətin layihəni idarə etmək üçün lazımi texniki bacarıqları əldə etməsinə böyük vaxt və səy sərf edirik.

Eyni zamanda, təchizat zənciri də çətinliklərdən biridir. Günəş, külək, batareya saxlama kimi layihələrdə təchizat zəncirindəki məhdudiyyətlər qiymətlərin artmasına səbəb ola bilər. Bu da bərpa olunan enerji sektorunda hazırda qarşıya çıxan vacib çağırışlardan biridir", - deyə "Masdar" rəsmisi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31