Metroda gedişhaqqı dəyişir? – Açıqlama

Son vaxtlar metroda gedişhaqqı ilə bağlı müzakirələr gündəmdən düşmür. Bir müddət öncə Tarif Şurasının apardığı araşdırmalar qiymətlərin süni şəkildə yüksəldildiyini üzə çıxarıb. 

Bəs görəsən, yaxın gələcəkdə bu qərar dəyişə və metroda gediş haqqı ucuzlaşa bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, hazırda Bakı metrosunda bir gedişin qiyməti 0.50 manatdır və bu rəqəm 2024-cü ilin iyulundan qüvvədədir.

O qeyd edib ki, Tarif Şurası son açıqlamalarında qiymətlərin dəyişdirilməsi ilə bağlı konkret planın olmadığını bildirib:

"Auditorlar Palatasının yoxlamaları müəyyən edib ki, metroda bəzi texniki və maliyyə xərcləri həddən artıq göstərilib. Bu, ictimaiyyət arasında narazılıq doğurub və qiymətlərin yenidən baxılacağı barədə gözləntiləri artırıb. Amma beynəlxalq təcrübə onu göstərir ki, belə hallarda əsasən şəffaflıq təmin olunur, əlavə vəsaitlər büdcəyə qaytarılır. Qiymətlərin endirilməsi isə nadir baş verir. Hesab edirəm ki, metro tariflərinin tənzimlənməsində yalnız real xərclər yox, həm də dövlət subsidiyaları, sərnişin axını və infrastrukturun saxlanılması nəzərə alınır.

Metroda gedişhaqqı dəyişir? - Açıqlama

Kənan Quluzadə

Bu səbəbdən süni şişirtmələrin üzə çıxması qiymətlərin avtomatik ucuzlaşmasına səbəb olmur. Əksinə, inflyasiya və əməliyyat xərclərinin artması gələcəkdə qiymətlərin sabit qalmasına və ya yenidən artırılmasına gətirib çıxara bilər".

İqtisadçı qeyd edib ki, metro gündəlik olaraq yüz minlərlə sərnişin daşıdığı üçün qiymətsiyasəti həssas mövzudur:

"Xüsusilə tələbələr və aşağı gəlirli vətəndaşlar üçün metro qiymətləri sosial yük hesab olunur. Bəzi ekspertlər hesab edir ki, qiymətlərin endirilməsi əvəzinə sosial qruplar üçün güzəştli tariflərin artırılması daha real addım ola bilər. Metroda gedişhaqqının yaxın zamanda ucuzlaşması ehtimalı zəifdir. Auditoriya Palatasının araşdırmaları mühüm siqnal rolunu oynasa da, bu, qiymətlərin azaldılmasına yox, maliyyə nəzarətinin güclənməsinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31