Rusiya qazının başqa ad altında Aİ bazarına daxil olmasının qarşısı belə alınacaq
07:17 İqtisadiyyatRusiyanın Avropa İttifaqına enerji tədarükünün qarşısını tam almaq üçün idxalçılara qazın mənşə ölkəsini təsdiqlənməsi tələbi qoyulması təklif edilir.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Bildirilir ki, təklifi Avropa İttifaqına sədrlik edən Danimarka irəli sürüb.
Agentlik qeyd edir ki, Avropa İttifaqına Rusiya və ya Belarusla sərhədlərdən və ya kəsişmə nöqtələrindən, eləcə də "Türk axını" qaz kəməri vasitəsilə daxil olan təbii qazın, əksini təsdiq edən aydın sübutlar təqdim edilmədiyi halda, birbaşa və ya dolayı yolla Rusiyadan ixrac olunduğu güman edilir.
Qeyd olunur ki, təşəbbüs vasitəsilə Aİ 2027-ci ilin sonuna qədər Rusiyadan boru kəməri qazı və LNG alınmasına tam qadağanın mümkün tətbiqindən sonra Rusiya mənşəli qazın başqa ad altında ittifaq bazarına daxil olmasını istisna etmək niyyətindədir.
TASS-ın hesablamalarına görə, Avropa İttifaqı 2025-ci ilin birinci yarısında Rusiyadan 2,9 milyard avro dəyərində boru kəməri qazı və 4,5 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alıb. Yanvar-iyun aylarında Aİ-nin Rusiya qazının ümumi alışı 9 faiz artaraq 7,4 milyard avroya çatıb. Bundan əvvəl Avropa Komissiyası Rusiya qazından imtina təşəbbüslərini açıqlamışdı. Yol xəritəsində 2025-ci ilin sonuna qədər Rusiya qazının idxalı üzrə yeni sövdələşmələrə və spot müqavilələrə qadağa qoymaq niyyəti bildirilir. AK, həmçinin 2027-ci ilin sonuna qədər Rusiyadan boru kəməri qazı və LNG alınmasını qadağan etmək istəyir. Son hüquqi qüvvəyə malik təkliflər Aİ Şurasında Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməlidir.
Tədbirlər paketinə Rusiya qazının idxalına sıfır kvota, Rusiyadan neft alışını azaltmaq üçün alətlər, uran və digər radioaktiv materialların tədarükü üçün yeni müqavilələrə məhdudiyyətlər daxil ola bilər. Qaz idxalına sıfır kvotanın Avropa enerji şirkətlərinə fors-major hallar səbəbindən Rusiya tədarükçüləri ilə müqavilələri ləğv etməyə imkan verəcəyi gözlənilir.
Bu, həm də Slovakiya və Macarıstanın tədbirləri bloklama imkanından məhrum edəcək.