Turizm, iqtisadiyyat və təhlükəsizlik: Laçın Beynəlxalq Hava Limanının açdığı imkanlar - ÖZƏL

26 avqust - Laçın şəhəri günü
Laçında sürətli dirçəliş davam edir: yeni yollar, enerji xətləri və sosial infrastrukturla yanaşı, bölgənin simasını dəyişən ən önəmli layihə - Laçın Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr hündürlükdə tikilən bu hava limanı Azərbaycanın ən hündür aeroportudur. 3 min metrlik uçuş zolağı və müasir terminalı ilə hava limanı təkcə strateji əhəmiyyət daşımır, həm də bölgəni turizm və beynəlxalq əlaqələr baxımından yeni mərhələyə çıxarır.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi kimi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında qeyd edib ki, bu hava limanının olması, kommunikasiya əlaqələrinin genişlənməsi və sürətlənməsinə çox ciddi təsir göstərməklə yanaşı, bölgənin təhlükəsizliyi üçün də mühüm rol oynayır:
" Laçının azad olunması, Laçının şəhər gününün təsis olunması, Laçında genişmiqyaslı quruculuq və abadlıq işləri, orada infrastrukturların qurulması çox önəmli bir məsələdir. İstər Laçının, istər bölgənin inkişafı baxımından.
Hava Limanının  tikilməsi isə təbii ki, rayonun, regionun inkişafında çox mühüm təsirə malik olan önəmli bir amildir. Düşünürəm ki, həm iqtisadi inkişaf , həm də turizmin canlanması baxımından çox ciddi əhəmiyyəti və təsiri olan böyük bir layihədir. Əslində, bu iş bizim xəyallarımıza sığmayacaq bir məsələdir. Orada belə bir aeroportun tikilməsi özü də bir başqa hadisədir. 
Bu aeroportun olması, kommunikasiya əlaqələrinin genişlənməsi və sürətlənməsinə çox ciddi təsir göstərməklə yanaşı, bölgənin təhlükəsizlik və digər məsələlərində də çox mühüm rol oynayır. Bilirik ki, Laçın, Kəlbəcər- bu ərazilər bizim strateji ərazilərimizdir. Bu ərazilərdə aeroport və digər bu cür strateji obyektlərin mövcudluğu bizim üçün çox böyük önəm və əhəmiyyət daşıyır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31