AZURE layihəsinin birinci mərhələsi yekunlaşmaqdadır (FOTO)
31 İyul 14:59 İqtisadiyyatÖlkənin ən böyük qovşaq yarımstansiyası tikilir
Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə işlər davam edir. Qeyd edək ki, AZURE layihəsinin icra olunmasında əsas məqsəd Azərbaycanda tikilən 2 qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Bunun üçün ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq "Nəvahi" Enerji Qovşağı tikilir və ordan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.
AZURE layihəsinin icrası, cari vəziyyət və aktual mövzularla bağlı yeni tikilən "Nəvahi" Qovşaq yarımstansiyasında müşavirə keçirilib. "AzərEnerji" ASC-nin rəhbərliyi, Dünya Bankı və Masdar şirkətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə layihənin gedişatı, qarşıda duran vəzifələr barədə müzakirələr aprılıb. Bildirilib ki, AZURE layihəsi üzrə birinci mərhələdə "AzərEnerji"nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə tikilən yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvahidən Abşerona 500 kilovotluq, "Biləsuvar" və "Bankə" günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi işi artıq yekunlaşmaqdadır. İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birinci mərhələ üzrə işlər son fazadadır. Bununla, "Bankə" və "Biləsuvar" günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.
Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya bankının krediti hesabına "Nəvahi" yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator, əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.