Hesablama Palatası Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşci Qrupa üzvlük namizədliyini irəli sürüb

Azərbaycan Respublikası Hesablama Palatası yeni qrup olan Proqnozlaşma və Dövlət Maliyyəsinin Qiymətləndirilməsi üzrə İşci Qrupun üzvü olması ilə bağlı öz namizədliyini təqdim edib.

Olaylar.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Hesab edirik ki, fiziki risklərin və hökumətlərin qarşısında dayanan çağırışların, problemlərin həllinə yönəldilən vəsaitlərin auditi üzrə bilik və bacarıqların paylaşılması, bu sahədə təcrübələrin öyrənilməsi Azərbaycan Respublikası Hesablama Palatasına çox vacib töhfə verəcək", - sədr bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Hesablama Palatası Ali Audit Orqanları Asiya Təşkilatına (ASOSAI) üzv olmaqla yanaşı, dörd ölkə ilə də Anlaşma Memorandumu imzalayıb: "Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası və Çin Xalq Respublikası ilə ikitərəfli Anlaşma Memorandumlarımız mövcuddur. Bu memorandumlar çərçivəsində seminarlar, bilik və təcrübə mübadiləsi, həmçinin təlimlərin keçirilməsi nəzərdə tutulur".

"Bu il biz Qazaxıstan Respublikası ilə paralel auditin aparılması üzrə razılıq əldə etmişik. Həmin razılaşma sentyabr ayının sonunda imzalanaraq təsdiq olunacaq".

"Türkiyə Respublikası ilə də memorandumun yenilənməsi niyyətindəyik. Iğdır-Naxçıvan qaz kəmərinə çəkilən xərclərin auditi ilə bağlı əməkdaşlıq edirik. Əlavə olaraq, iqlim dəyişiklikləri və kənd təsərrüfatı sahələri üzrə də paralel auditlərin aparılması nəzərdə tutulur", - deyə sədr vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31