Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər

"Son illər Rusiyadan Azərbaycana pul köçürmələri ciddi şəkildə azalıb. 2023- cü ildə Rusiyadan pul göndərmələri ölkəyə gələn ümumi pul baratlarının 63,3 faizini təşkil edirdi ki, bu da 1 milyard 47 milyon dollar edirdi. 2024- cü ildə bu rəqəm kəskin azalıb 496 milyon 753 min dollar olub. Ümumi pul baratında çəkisi 45, 9 faizə düşüb".

Olaylar.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, statistikaya nəzər salsaq, iki il ərzində ölkəyə təqribən 600 milyon dollar az pul gəlib. Bu, Rusiyadan gələn pulun azalması hesabına olub. Ekspert bildirir ki, 2025- ci ilin birinci rübündə də ötən ilin eyni dövrü ilə müqayisədə ciddi azalma müşahidə edilir:

"Ötən ilin birinci rübündə ölkəyə 155 milyon, 376 min dollarlıq pul Rusiyadan gəlmişdisə və ümumi pul baratının 52, 8 faizini təşkil edirdisə, bu ilin birinci rübündə 85 milyon 651 min dollar pul köçürülüb. Göründüyü kimi Rusiyadan gələn pul azalır. Rusiyadan pul köçürmələrinı ciddi məhdudiyyətlər tətbiq edilərsə, bunun mənfi tərəfləri ola bilər. Əslində bu cür qaydalar Azərbaycanda da var. Vətəndaş ay ərzində xaricə 20 min dollardan artıq pul göndərə bilməz. Göndərdiyi pulun mənbəyini göstərməlidir.

Nəzərə alaq ki, Rusiyada yaşayan vətəndaşlarımızın bir çoxu vergidən yayınır və gəlirlərinin bir hissəsi qeyri- leqaldır. Çünki gəlirin hamısını rəsmiləşdirsələr, gərək vergini çox ödəsinlər. Belə olan halda Rusiyadan miqrantlara, o cümlədən azərbaycanlılara pul köçürülməsində məhdudiyyət qoyulması öz mənfi təsirini göstərər".

İqtisadçı deyir ki, Ukrayna ilə müharibə Rusiyada yaşayan azərbaycanlıların gəlirlərinə də təsir edib:" Rusiyadan göndərilən pul kütləsi xüsusi ilə rayonlarda ailələrin gəlirlərinin və xərclərinin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda regionlarda tələbin formalaşmasına təsir göstərir. Ölkəyə gələn lulun azalması yaxşı hal deyil".

Qeyd edək ki, Rusiyada "Yeni İnsanlar" fraksiyasının nümayəndələri Rusiya Mərkəzi Bankının rəhbərinə müraciət edərək, miqrantların rəsmi gəlirlərindən artıq məbləğdə pul vəsaitini xaricə - xüsusilə də vətənlərinə göndərmələrinin qarşısını almağı təklif ediblər.

Təklifə əsasən, əgər miqrant öz rəsmi maaşından çox pul köçürmək istəsə, o zaman həmin məbləğin leqal mənbələrdən əldə edildiyini təsdiqləyən gəlir deklarasiyası təqdim etməli olacaq.

Bu təşəbbüs xüsusilə Azərbaycan və Orta Asiyadan olan miqrantlar arasında narahatlıq yaradıb. Ekspertlər bildirirlər ki, belə bir məhdudiyyət həm humanitar, həm də iqtisadi nəticələr doğura bilər.

Qeyd edək ki, hazırda Rusiyada yüz minlərlə azərbaycanlı əmək fəaliyyəti ilə məşğuldur və onların bir çoxu ailələrini dolandırmaq üçün mütəmadi olaraq Azərbaycana pul köçürür. Yeni qayda qəbul olunarsa, bu köçürmələrin miqdarında kəskin azalma müşahidə oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31