Qərbə böyük köç?- "Bakı artıq bu yükü çəkə bilmir"-Ekoloq- ÖZƏL

"Son illər uğurla həyata keçirilmiş regionların sosial-iqtisadi dövlət proqramları nəticəsində istər şimal, istər cənub, istər Qərb və Aran bölgələrində yeni şəhər tipli qəsəbələr salınıb, sənaye parkları yaradılıb, iş yerləri açılıb, təhsili, səhiyyə infrastrukturu yenilənib. 20 il qabaq daimi işıq, qaz, istilik problemlərinin əlindən rayonlardan Bakıya axışan insanların geriyə-doğma yurda qayıtması üçün münbit şərait yaranıb". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, artıq gənclərin əyləncə, sosial məşğulluq ardınca paytaxta gəlməsinə ehtiyac yoxdur: "Artıq bütün bölgələrdə şəhərtipli qəsəbələr salnıb, şəhərlər modernləşib. Ölkənin əksər bölgələrində "moll"lar, istirahət və mədəniyyət parkları, olimpiya mərkəzləri, mədəniyyət klubları, kitabxanalar fəaliyyət göstərir. Əksər iqtisadi regionların mərkəzlərində ali məktəblər fəaliyyət göstərir. Lakin görüləsi işlər çoxdur. Nə qədər tədbirlər görülsə də hələ də özünü əmək bazarında reallaşdıra bilməyən ixtisaslı kadrlar, gənclər Bakıya axışır. Bu da paytaxtın yüklənməsinə səbəb olur. Bakı artıq bu yükü çəkə bilmir. Yaxşı olar ki, gənclərin, gənc ailələrin regionlara axını təşviq edilsin. Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionları yenidən qurulur, yeni şəhərlər salınır, iş yerləri açılır. Bu iqtisadi regionların şəhər və qəsəbələri məskunlaşdırılmalıdır. Bunun üçün güzəştli sosial paketlərin elan olunması yerinə düşərdi. İaşə müəssisələrinə, turizm obyektlərinə və digər xidmət sahələrinə yeni kadrlar lazım olacaq. Bəzi səbəblərdən insanlar Qərb bölgələrinə getmək istəmir. Bu tabu qırılmalıdır. Bunun üçün şəxsi nümunə də böyük rol oynayacaq. Bakıda fəaliyyət göstərən tanınmış elm adamları, sənətçilər, idmançılar Xankəndinə, Laçına, Ağdama yaşamağa, işləməyə üz tutsalar qısa zamanda hər iki iqtisadi region ölkənin ən inkişaf etmiş bölgələrinə çevriləcək".

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31