2014-cü ilin dövlət bücəsi nə vəd edir? - PROQNOZ

Əli Məsimli: “2009-cu il istisna olmaqla ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə aşağı endirilib”

Gələn ilin dövlət büdcəsi artıq Milli Məclisin komitələrində müzakirə edilməkdədir. Noyabrın 12-dən isə 2014-cü ilin büdcəsi qanunverici orqanın plenar iclasında müzakirə olunacaq. Bəs görəsən gələn ilin dövlət büdcəsi vətəndaşlar üçün yeni nə vəd edir və hansı cəhətləri ilə başa vurmaqda olduğumuz ilin büdcəsindən fərqlənir? İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyir ki, 2014-cü ilin dövlət büdcəsi, bir sıra cəhətlərinə görə özündən əvvəlki illərin büdcələrindən fərqlənir. Onun sözlərinə görə, 2009-cu il istisna olmaqla, ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə aşağı endirilib. Büdcə xərclərinin artım tempi isə ölkənin ümumi daxili məhsulunun 2014-cü ildə gözlənilən tempindən 4,7 dəfə geri qalacaq: "Yəni ÜDM-in 2014-cü ilə proqnozlaşdırılan 5,2 faizlik artımı fonunda büdcənin gəlirlərinin 4 faiz azalacağı, xərclərinin isə cəmi 1,1 faiz artacağı proqnozlaşdırılıb. Dərin təhlil aparılsa, bu həm də o deməkdir ki, artıq Azərbaycan büdcəsinin asan gəlir əldə etmə mərhələsi arxada qaldı və bundan sonra gəlirləri artırmaqdan ötrü ciddi əsaslandırılmış sistemli tədbirlərə ehtiyac olacaqdır". Millət vəkili bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transfert başlanan 2003-cü ildən bu yana ilk dəfə 2014-cü ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər azalacaq: "2014-cü ildə Dövlər Neft Fondundan büdcəyə 9,3 milyard manat transfert nəzərdə tutlur ki, bu da 2013-cü illə müqayisədə 2 milyard manat və ya 18 faizə qədər azdır. Dövlər Neft Fondundan büdcəyə transferlər büdcə gəlirlərinin 51 faizinə endiriləcək. Ancaq bunun özü də çox böyük rəqəmdir. Ona görə də Neft Fondundan büdcəyə transferlərin azaldılması şəraitində büdcə gəlirlərinin artırılmasının əlavə mənbələrinin tapılmasına ehtiyac vardır. Bu istiqamətdə mövcud olan yetərincə böyük potensialdan istifadənin dairəsinin və səmərəliliyin yüksəldilməsini, iqtisadi aktivliyin artırılmasını, daha çox əlavə dəyər yaradan sahələrin, kölgə iqtisadiyyatının mümkün hissələrinin vergiyə cəlb edilməsi üsullarının tapılması və digər istiqamətlərdə tədbirlərin görülməsini zəruri hesab edirəm. Eyni zamanda Hesablama Palatası və Maliyyə Nazirliyinin bu yöndə salahiyyətlərinin artırılması və koordinasiyasının gücləndirilməsi faydalı olardı". Əli Məsimli deyir ki, hökumətin proqnozlarında ÜDM-i 5,2 faiz artacağı nəzərdə tutulur: "Əgər Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqorma və İnkişaf Bankının, Asiya Bankının proqnozları 2014-cü ildə Azərbaycanda iqtisadi artımın 4-5,8 faiz intervalında olduğunu proqnozlaşdırırsa, deməli hökumətin gələn il üçün iqtisadi artımın 5, 2 faiz olmasına dair proqnozunu qənaətbəxş hesab etmək olar. Amma onu da nəzərə almaq lazımdır ki, 2014-cü ilin büdcəsi neftin dünya bazarında bir barrelinin qiymətinin 100 dollar olacağı proqnozu üzərində qurulub". Əli Məsimli bir sıra əlavə tədbirlərin görülməsini də zəruri hesab edir: " Əlillərə verilən müavinətin bu yaxınlarda artırılmasına görə hökumətə təşəkkür edir, amma əlillərin real vəziyyətini nəzərə alaraq, həmin artımı qənaətbəxş hesab etmirik və ümumiyyətlə müavnətlərin yenidən artırılmasını təklif edirik". Millət vəkili digər bir vacib məsələ kimi regionlarda elektrik enerjisi ilə təminatın daha da yaxşılaşdırlmasını qeyd edib. Bildirib ki, Azərbaycanın nəinki özünü elektik enerjisi ilə təmin etməyə, hətta xaricə də elektik enerjisi satmağa qadir potensialı var: "Amma bir balaca külək əsən kimi kəndlərdə elektrik enerjisi kəsilir. Bu, kəndlilərin həyatına ciddi surətdə mənfi təsir göstərir. Ona görə də investisiya proqramında bu problemin ciddiliyi nəzərə alınmalı və kəndlərin fasiləsiz elektrik enerjisi ilə təhcizatının yaxşılaşdırılması məsələsi əsaslı surətdə həll edilməlidir. Etiraf etmək lazımdır ki, Azərbaycanda qazlaşdırma sahəsində də böyük işlər görülür. Amma nədənsə Şəki kəndlərinin qazlaşdırılması işi çox ləng gedir və qrafikdən xeyli geri qalır. Şəki kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini təklif edirəm. Eyni zamanda bir sıra şəhər və rayon mərkəzlərinin su ilə təchizatının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb. Təklif edirik ki, Şəkinin və onun kəndlərinin su təchizatı probleminin həlli istiqamətində real addımlar atılsın". Əli Məsimlinin sözlərinə görə, Rusiyada baş verən son hadısələr diqtə edir ki, Azərbaycanın regionlarında yüksək maaşlı iş yerləri açılmalıdır. Əgər təklif etdiyimiz istiqamətdə hökumət real addımlar atsa, onda kənddə yaşayan gənc iş tapmayıb Bakıya gəlməz. Burda da iş tapmayanda xaricə getməyə məcbur olmaz. Əksinə öz kəndində işləyib, regionların inkişafına oz tönhəfəsini verər". Əli Məsimli ipoteka kreditlərinin verilməsi şərtlərinin yumşadılmasını təklif edir. Onun sözlərinə görə, büdcədən sosial ipotekaya 40 milyon manat ayrılıb ki, bu məbləğin də artırılması, ipotekanın region əhalisinə də şamil edilməsi və ipoteka şərtlərinin yumşaldılması zəruridir: "Amma onu da bilirik ki, əhalinin aztəminatlı təbəqəsinn mənzillə təminatını yaxşılaşdırmaqdan ötrü təkcə ipoteka mexanizmi yetərli deyil. Ona görə də "xalq evləri"nin tikilməsinə geniş vüsət verilməsini təklif edirik. İmkansız və gənc ailələr üçün belə mənzillər tikilsin və həmim ailə ayda 50, 60, 70 manat ödəməklə həmin evlərdə məskunlaşsın. Sonda mənzil həmin ailəyə qalsın. Bu üsulla əhalinin aztəminatlı təbəqəsinin mənzil probleminin həllini xeyli sürətlndirmək olar".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31