Neftin hazırda çox bahalaşması da risklidir- ÖZƏL

"Həyatda gücünə inandığım ən böyük qüvvə intellekt, düzgün təhlil və hesablama bacarığıdır. Dünya maliyyə dairələri İsrail-İran müharibəsinə çox peşəkar hazırlaşıb. Əslində müharibənin ilk günündən bu amil gözə çarpdı. Ən gərgin anlarda da dünya birjalarında ajiotaj, çökmə, panika olmadı". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Bu gün hamı Hörmüz boğazı bağlananda neft 200-300 dollara olacaq spekulyativ fikirlərini düşünür, İran kontrollu və razılaşdırılmış şəkildə ABŞ hərbi bazalarını vurur və brent markalı neft sürətli bir şəkildə 70 dollara qədər çökür. Hazırda 71 dollar ətrafındadır. Niyə? Trump bəyan etdi ki, "neftin qiymətini artırmayın. Hamınızı izləyirik." Yəni, vəziyyətdən istifadə edib bazara az neft çıxartmaq, stoklamaq, spekulyativ hərəkətlərə yol verməyi ağlınıza gətirməyin. Nəticələri yaxşı olmaz. İran hər birinizi vura bilər, biz qarışmaya da bilərik. Və yaxud, neft qiymətlərinin artırılmasını bizim iqtisadiyyatımıza qarşı atılan addım, sabotaj kimi qəbul edərik. Bunu 1970-ci illərdə edən İran şahı peşman oldu.

Neft qiymətləri 150-200-300 olacaq sualına həmişəki cavabımı bir daha təkrar edirəm: "1-2 günlük impulsiv artım ola bilər, orta və uzunmüddətli deyil. ABŞ-ın həmişə A, B, C, D planları olub. ABŞ bir planla  hərəkət etmir, tarixi boyu da bir daşla 1 və ya iki deyil, azı 3-4 quş vurub". Nahaq yerə dünyanın analitik beyin mərkəzləri (ad olaraq deyil, həqiqi mənada) ABŞ-də deyil!!!

Bir də, Trump FES sədri Powel ilə prinsipial qarşıdurmasında uduzmaq istəmir. Nefti düşürəcəm, sən də faizləri düşürməyi düşün mesajını təkrarlayır...

Neftin və qazın qiymətləri ABŞ iqtisadiyyatı üçün həyati vacib məsələyə çevrilib. Hələ bir neçə ay sonra İran nefti dünya bazarlarına çıxsa (ikinci İraq müharibəsindən sonra İraq neftinin kimi), Trump öz məqsədinə çatacaq!

ABŞ, Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya, İsrail və digər həssas iqtisadiyyat, yüksək dövlət borcu və ya ciddi büdcə kəsirləri olan (hər birinin öz dərdi var) bu ölkə və iqtisadi güc mərkəzlərinin ortaq maraqlarından biri də ucuz neft qiymətləridir! Trump bunu təmin edərsə tariflərin tətbiqindən yaranan əlavə xərclər və ticarət balanslarındakı kəsirlər qismən və ya tam olaraq kompensasiya ediləcək! Bu səbəbdən Trumpa qarşı etirazlar səngiyib!

Neftin hazırda çox bahalaşması da risklidir. Nə qədər çox bahalaşsa çöküşü də bir o qədər dərin olar! Stabil qiymət daha yaxşıdır! İmkan verilsə təbii ki!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31