Gələn ilin dövlət büdcəsini 5 komitə birgə müzakirə etdi

Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, müdafiə və təhlükəsizlik, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında 2014-cü il dövlət büdcəsinin layihəsi müzakirə edilib. Layihə barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə paketi prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyaya uyğun olaraq hazırlanıb. Belə ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir.2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir. O, Dövlət Neft Fondundan transfertin azalacağının, qeyri-neft sektoru üzrə daxilolmaların artmasının proqnozlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin 5,337 mlrd. manat proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 mln manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 mln. manat çoxdur.O bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 mlrd. 637 mln. 362 min manat olması proqnozlaşdırılır. Kənd təsərrüfatı, meşə, nəqliyyat rabitə xərclərinə ümumilikdə 1 mlrd. 167 mln. manat vəsait proqnozlaşdırılır. Sahibkarların güzəştli kreditlərlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 mln. manat vəsait nəzərdə tutulub. Naxçıvan MR-na isə bu məqsədlə 5 mln. manat vəsait proqnozlaşdırılıb. Aqrolizinq üçün dövlət büdcəsindən 35 mln. manat ayrılacaq. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılacaq. Dövlət büdcəsinin əsas xərclərində ilk Avropa Yay Olimpiya oyunları ilə bağlı da müvafiq xərclər proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin kəsiri 1,679 mlrd. manat proqnozlaşdırılır. Büdcə kəsirinin örtülməsi üçün özəlləşdirmədən gələn daxilolmalar, bu ilin büdcə qalığı və digər vəsaitlər yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31