Ötən ilin dövlət büdcəsinin kəsiri 6,1 dəfə az olub
3 İyun 11:56 İqtisadiyyat"2024-cü ildə dövlət büdcəsinin xərcləri proqnozun (39,7 mlrd.) 95 faizi həcmində və ya 37,7 mlrd. manat icra edilib. Bu 2023-cü illə müqayisədə 1,3 mlrd. manat və ya 3,4 faiz çoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Lomitə sədri bildirib ki, dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni 3,3 milyard manatla müqayisədə 6,1 dəfə az olub. Nəticədə kəsirin ÜDM-də payı proqnozlaşdırılan 2,8 faizdən 0,4 faizə enib: "İcmal büdcənin gəlirləri 48,0 mlrd. manat, xərcləri isə 43,0 mlrd. manat icra olunub. İcmal büdcə 2,1 mlrd. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq, 5,1 mlrd. manat məbləğində profisit yaranıb. Belə ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2024-cü ilin sonuna 24,0 faiz hədəfləndiyi halda, bu rəqəm 20,6 faiz olub. Dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövr üzrə yuxarı həddi 30,0 faiz səviyyəsində hədəfləndiyi halda bu göstərici 21,7 faiz təşkil edib".