Son 5 ildə büdcə xərcləri 43 faiz artıb
3 İyun 11:45 İqtisadiyyat"Ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcədir. 2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 3 mlrd. manata yaxın artırılıb. Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyaclarımız şərtləndirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi xarakterizə olunur: "Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artıb. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir. 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 mlrd. manat və ya 43 faiz artıb.
Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 faizinin cari, 40 faizinin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir. Müzakirə etdiyimiz büdcənin digər bir xüsusiyyəti onun dayanıqlıq meyarlarına əsasən cavab verməsidir. Belə ki, ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb. Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 faizə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd edib".