Bitki xəstəlikləri niyə artır?

Müasir dövrdə bitki patogenlərinin sayı çoxdur, qlobal istiləşmə isə onların daşıyıcıları olan həşərat vektorlarının arealını genişləndirərək sayının daha çox artmasına səbəb olur. Kənd təsərrüfatının inkişafı, beynəlxalq səviyyədə bitki materiallarının mübadiləsi son illərdə Azərbaycanda da bitki xəstəliklərinin artmasına səbəb olub. Bitkilərdə xəstəlik törədən ən qorxulu patogenlərdən biri olan fitoplazmalar iqtisadi cəhətdən əhəmiyyətli olan meyvə və tərəvəz bitkilərinin məhsuldarlığını əsaslı surətdə zəiflədərək sonda bu bitkilərin məhv olunmasına gətirib çıxarır. Kənd təsərrüfatına ciddi iqtisadi ziyan vuran bu fitopatogenlərin törətdikləri xəstəliklər müalicə olunmur və xəstəliyin yayılmasının qarşısının alınması yoluxmuş bitkilərin kənarlaşdırılması və pestisidlərin istifadə olunması kimi profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Fitoplazmalar tərəfindən törədilən xəstəliklərə nəzarət etmək üçün patogenlərin bitkilərdə yaratdığı əlamətlərə görə xəstəliyin ilkin diaqnostikası tələb olunur.  Xəstəliyin qarşısının alınmasında mütəxəssislərə yardımçı olması üçün G.Balakişiyeva, Ə.Məmmədov və İ.Hüseynovanın həmmüəllif olduqları "Azərbaycanda fitoplazma xəstəlikləri" adlı buklet nəşr edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31