5 qəpik əvəzinə saqqız ...
Qadir İbrahimli: “Xırda əskinaslar Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılıb, 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması haqqında qərar olmadığına görə həmin pullar dövriyyədə hesab olunurlar”
31 Oktyabr 2013 15:22 İqtisadiyyat5 qəpiklik xırda nominallı dəmir əskinaslar Mərkəzi Bankın qərarı ilə rəsmi şəkildə dövriyyədə olsa da, vətəndaşlar həmin pul vahidlərindən çox vaxt istifadə etmirlər. İctimai nəqliyyat, satış obyektlərində adı çəkilən pul vahidinin dövriyyəsi ilə əlaqədar kifayət qədər problemlər var. Mövcud problemlər isə 5 qəpikliklərin dövriyyədəki sürətini azaldır. Demək olar ki, bu gün müxtəlif xidmət sektorlarında həmin pul vahidlərinə tələbat yoxdur. Tələbat olsa belə müxtəlif səbəblərə görə imtina edilir. 1, 3 və 5 qəpiklik xırda nominallı dəmir əskinaslar istehlakçılar tərəfindən ictimai nəqliyyat və digər sahələrdəki qəbuledicilər tərəfindən rədd edilir. Mövcud problem xüsusilə də ictimai nəqliyyat sektorunda və satış obyektlərində geniş yayılıb. Məsələnin kökü birbaşa sahibkarlarla bağlıdır. Müəssisə və sərnişin avtobuslarının işi ilə məşğul olan özəl şirkət rəhbərləri tərəfindən 1, 3 və 5 qəpikliklərin istehlakçılardan qəbul edilməməsilə bağlı işçilərinə göstərişlər verilib. İstehlakçılar da bu cür problemlərin artdığını görərək istehsalçılar tərəfindən qalıq kimi qaytarılan pullardan imtina edirlər. Diqqətçəkən məqamlardan biri odur ki, müəssisə xırda pulların qəbul edilməməsini görərək həmin nominalın yerinə eyni qiymətə olan saqqız, kibrit, paket çay, kürdan və s. mallar təklif edir. Pul əvəzində verilən mallar istehlakçılar tərəfindən qəbul edilmədiyi halda qalıq qaytarılır ki, bu da əks mübadilədə dövriyyəsini təzədən itirmiş olur. 1, 3 və 5 qəpiklik dəyərində bazarlarda məhsulların az olması, ümumiyyətlə olmaması da problemin qabarmasına təsir edən amillərdir. Xırda pulların ən çox işlək vəziyyətdə olduğu obyektlər - supermarket və banklardır. Həmin obyektlər alış-veriş və valyuta mübadiləsi vaxtı istehlakçılara xırda nominallı qalıqlar qaytarsalar da digər sahələrdə eyni vəziyyət müşahidə olunmur. İşləkliyi aşağı düşür. Bir neçə ay bundan qabaq da mətbuatda həmin pul vahidlərinin dövriyyədən çıxarılacağı ilə bağlı məlumatlar yayılmışdı. Belə bir qərarın verilməsi qarışıq mənzərə yarada bilər. Lakin onların dövriyyədən çıxarılması bahalaşmaya səbəb olacaq. 1, 3 və 5 qəpiyə olan məhsullar 10 və 20 qəpik olacaq. Bu isə istehlakçıların narazılığını artıra bilər. Xırda pulların dövriyyədən çıxarılması alıcılıq qabiliyyətini aşağı salmasa da vətəndaşların həyat şəraitinə birbaşa təsir edəcək. Paralel olaraq insanların aylıq məvaciblərinin qaldırılması məsələsi gündəmə gələ bilər. Dünya və Avropa praktikasında da xırda nominallı əskinaslardan imtina halları müşahidə edilməyib. Problemin mərkəzində duran əsas məsələ xırda nominallı əskinasların digər pul vahidlərilə müqayisədə dəyər ölçüsünün aşağı olmasındadır. Xırda nominallı olmasına baxmayaraq, həmin pul vahidlərinin istehsalı Mərkəzi Banka baha başa gəlir. Çox vaxt öz dəyərindən 5 dəfə baha istehsal edilir.
***
İqtisadçı-ekspert Qadir İbrahimli hesab edir ki, vətəndaşlar tərəfindən verilən xırda əskinasların qarşı tərəfdən geriyə qaytarılması hərəkəti qanunsuzdur:
- 5 və həmçinin 1, 3 qəpiklik nominalların götürülməməsi qeyri-qanunidir. Vətəndaşların həmin şəxslərdən hüquq mühafizə orqanlarına şikayət etmək haqları var. Xırda əskinaslar Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılıb. 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması haqqında qərar olmadığına görə həmin pullar dövriyyədə olumuş hesab olunurlar. İstənilən halda ondan istifadə etmək hər bir vətəndaşın hüququdur. Əskinaslardan tez-tez istifadə olunmamasına görə, həmin pul vahidləri işləklik gücünü itirir. Buna görə həmin pul vahidləri işlək sayılmırlar. Müəyyən yerlərdə 5 qəpikliklər istifadə olunsa da 1 və 3 qəpiklik əskinaslardan demək olar ki, istifadə edilmir. Nəqliyyat və digər ictimai satış yerlərində sürücülər və satıcılar onları istehlakçılardan qəbul etməkdən imtina edirlər. Mərkəzi Bank həmin problemi nəzərə almalıdır. Lakin bu pul vahidinin dövriyyədən çıxarılması inandırıcı deyil. Çünki elə məhsullar var ki, onların qiyməti 5 qəpikdir. Əgər pul vahidi dövriyyədən çıxarılsa, avtomatik olaraq həmin məhsulların qiyməti qalxaraq 10 qəpik olacaq. Bu da müəyyən problemlərin ortaya çıxmasına səbəb olacaq. Mümkündür ki, müəyyən müddətdən sonra 5 qəpikliklər dövriyyədən çıxarılacaq və yeniləri buraxılmayacaq. Əgər bu gün pul vahidi dövriyyədədirsə və onun döviyyədən çıxarılması haqqında heç bir qərar yoxdursa, vətəndaşlar mütləq şəkildə məsələyə hüquqi yollarla müdaxilə etməlidirlər.
Ümumiyyətlə dünya və Avropa praktikasında bazar iqtisadiyyatında xırda nominallı dəmir pullardan imtina hallarına rast gəlinməyib. Dünya Valyuta Birjasında xırda nominallar pulun əsas dəyər ölçüsü hesab edilirlər. Xarici və daxili valyuta bazarlarında xarici markalı pulların alış və satışını həmin vahidlər müəyyən edir. Məsələ mütləq şəkildə diqqətdə saxlanılmalıdır. Mərkəzi Bank və aidiyyatı qurumlar məsələnin daha da qlobal hal almaması üçün adekvat addımlar atmalıdırlar. Əks təqdirdə 1, 3 və 5 qəpikliklərin işləksizlik qabiliyyəti xırda nominallı əksinasların dövriyyədən çıxarılması məsələsini gündəmə gətirəcək ki, bu da ortada başqa mənzərə yaradacaq.
Ömər Zamin