Azərbaycanın ticarət evlərinə çinli tərəfdaşlarımız tərəfindən investisiya yatırılıb - Teymur Nadiroğlu

Azərbaycanın ticarət evlərinə çinli tərəfdaşlarımız tərəfindən investisiya yatırılıb.

Bu sözləri Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Pekində jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu gün təşrif buyurduğunuz məkan Azərbaycanın Pekin şəhərində yerləşən ticarət evidir. Bu ticarət evi Çinin 6 şəhərində yerləşən 7 ticarət evlərindən yalnız biridir. Ticarət evləri bizim Azərbaycan məhsullarını təşviq etmə baxımından, ölkəmizə investisiyanın cəlb edilməsi üçün, turizm potensialımızın nümayiş etdirilməsi üçün istifadə etdiyimiz alətlərdən yalnız biridir. Qeyd etməliyəm ki, bu çox effektiv bir alətdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, biz ilin 12 ayında mütəmadi olaraq Azərbaycan məhsullarını burada nümayiş etdirə bilirik",- deyə o əlavə edib.

O qeyd edib ki, Pekin şəhərində Azərbaycan məhsullarına maraq göstərən iş adamları buranı ziyarət edir, məhsullarla tanış olur.

"Həmçinin də bunun əsas məqsədlərindən biri ölkəmizə investisiyanın cəlb edilməsidir. Burada fəaliyyət göstərən ticarət evlərimizə çinli tərəfdaşlarımız tərəfindən investisiya yatırılıb və operatorluğunu da onlar həyata keçirirlər. Bizim üçün də bu bir baxımdan çox önəmlidir ki, Çinin böyük şirkətləri bu ticarət evlərinin operatorluğunu həyata keçirərək həm Azərbaycan məhsullarının Çində müxtəlif şəhərlərdə satış kanallarının genişləndirilməsi üçün böyük səylər göstərirlər. Həmçinin də ölkəmizə investisiyanın cəlb edilməsində böyük işlər görürlər. Keçən ilin sonlarında Azərbaycanı ziyarət edən iş adamları hal-hazırda ölkəmizə yeni investisiyalar yatırmaq niyətindədilər və bu danışıqlar artıq yekunlaşmaq üzrədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31