Gələn il DSMF-nın gəlirləri 11,2 faiz artacaq

Oktyabrın 30-da Milli Məclisin sosial siyasət daimi komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi aparılıb. Qanun layihəsi barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev bildirib ki, 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 mlrd. 928 mln. manat proqnozlaşdırılır ki, bu göstərici 2013-cü il proqnozuna nisbətən 11,2 faiz və ya 295,8 mln. manat çoxdur. Gəlirlərin 60,8 faizini və ya 1 mlrd. 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü il proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat olacaq. Onun sözlərinə görə, Fondun xərcləri gələn il üçün 2 mlrd. 928,5 mln. manat proqnozlaşdırılır. Bu isə 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2 faiz çoxdur. Bu vəsaitdən əhaliyə ödənişlər 2 mlrd. 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə ödənişlərin 97,4 faizi qədər olacaq. Pensiya ödənişlərinə 2 mlrd. 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288,3 mln. manat artım deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31