Büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var
13:04 İqtisadiyyat"Hesablama Palatasının hesabat ilində müəyyən edilmiş nöqsan və pozuntuların xarakteri büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac yaradır"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov parlamentin bugünkü plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, həmin ehtiyac dünyada dövlət maliyyəsinin idarə olunmasına dəyişən baxışları özündə ehtiva etməklə yanaşı, Azərbaycanın da bu baxışlara uyğunlaşdırılmasını təmin etməlidir:"Hesabatdan göründüyü kimi, digər bir məsələ qüvvədə olan hüquqi aktların tələblərinin icra vəziyyəti ilə bağlıdır. Hüquqi aktların müəyyən etdiyi tələblərə tam riayət olunmaması dövlət vəsaitlərinin, ən yaxşı halda, düzgün xərclənməməsinə gətirib çıxarır. Bu da vəsaitlərin səmərəliliyi və nəticəliliyinin təmin olunmasında ən böyük maneə sayıla bilər.
Bu məsələ qurum rəhbərlərinin birbaşa məsuliyyət dairəsinə aid olduğu üçün həm də dövlət maliyyəsində fəaliyyət göstərən kadr potensialı ilə də bağlıdır. Belə ki, kadr hazırlığının yüksək təşkili bir çox nöqsanların aradan qaldırılmasına və ya ən azı miqyasının və əhatə dairəsinin azaldılmasına gətirib çıxarar. Bu istiqamətdə də işlərin görülməsi birbaşa qurum rəhbərlərinin funksiyalarına daxildir".