Gəncədə 78 nəfər “vergi dostu" seçilib
30 Oktyabr 2013 16:41 İqtisadiyyatOktyabr ayının 30-da Gəncə şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prinsipinə əsaslanan keyfiyyətcə yeni əməkdaşlıq prinsiplərinin yaradılması, həmçinin əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergi ödəmə vərdişlərinin cəmiyyətin normasına çevrilməsinə nail olunması bu konsepsiyanın əsas hədəflərindən biridir.
Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat vermişdir. O, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə də danışmışdır. Qeyd olunmuşdur ki, indiyədək respublika üzrə 1252 nəfər müəllimə müvafiq təlim keçilmiş və "vergi dostu" sertifikatı təqdim olunmuşdur.
"Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək bildirmişdir ki, müasir vergi siyasətinin əsas istiqamətlərindən biri məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçidi təmin etməkdir. Bu məqsədlə, vergi orqanları vergi ödəyiciləri arasında vergi mədəniyyətini yüksəltmək və vergi sahəsində təbliğat, məlumatlandırma və maarifləndirmə işini gücləndirir. Məqsəd vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən onlara lazım olan məlumatlara çıxışını təmin etməkdir. Bu məqsədə çatmaq üçün Vergilər Nazirliyi mövcud məlumat mənbələrindən: 195 Çağrı Mərkəzi, taxes.gov.az vebsaytı, vergi ödəyicilərinə xidmət mərkəzləri (hazırda onların sayı 40-dır) və sosial mediadan geniş istifadə edir. Qeyd olunmuşdur ki, Vergilər Nazirliyi tərəfindən elektronlaşdırılması mümkün olan 57 xidmət növü müəyyənləşdirilmişdir və hazırda onlardan 51-i üzrə müvafiq proqramlar hazırlanaraq vergi ödəyicilərinin istifadəsinə verilmişdir.
Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 78 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuş, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamışlar. Beləliklə, respublika üzrə "vergi dost"larının ümumi sayı 1330 nəfərə çatmışdır. OLAYLAR