Qızıl rekordları yeniləməkdə davam edir: bu qiymətli metal daha da bahalaşacaq - AÇIQLAMA

Hazırda qızılın qiyməti qlobal bazarlarda yeni rekordlara çatıb. 1 aprel 2025-ci il tarixində qızıl bir unsiya üçün tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşaraq yeni bir rekord həddə yüksəlib. Hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 3 130 - 3 145 ABŞ dolları arasında ticarət olunur.

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O bildirib ki, bu artımın davam etməsi qiymətlərin yüksək qalmasını və qızılın daha da bahalaşmasını şərtləndirə bilər.

Mütəxəssisin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflər, qlobal ticarət müharibəsinin daha da kəskinləşəcəyi qorxusunu artırıb: "Nəticədə, investorlar təhlükəsiz aktivlərə, xüsusilə qızıla yönəlirlər. Qızılın bahalaşması təkcə ticarət siyasətinin təsiri ilə deyil, həm də ABŞ-nin fiskal siyasəti, geosiyasi gərginliklər ilə əlaqədardır".

Azərbaycanda 585, 750 və 999.9 əyarlı qızılın satış qiymətlərində əhəmiyyətli artım müşahidə olunur...

Azərbaycanda qızılın qiymətinin beynəlxalq bazarlarda baş verən dəyişikliklərdən asılı olaraq dəyişdiyini vurğulayan sədr müavini dünya birjasında qızılın qiymətinin artmasının yerli bazarda da öz əksini tapdığını və qiymətlərin bahalaşdığını bildirib: "Qızılın qiymətinin yüksəlməsi faktoru və dünya birjasında qiymətlərin artması yerli bazarda qızıl və digər qiymətli metallara olan marağın artmasına səbəb olur. Beynəlxalq bazarlardakı dalğalanmalar Azərbaycanın qiymətli metal sektoruna birbaşa təsir edir. Bu, qiymətli metalların, zərgərlik məmulatlarının daxili bazarda bahalaşmasına gətirib çıxarır. Son dövrlərdə ölkəmizdə 585, 750 və 999.9 əyarlı qızılın satış qiymətlərində əhəmiyyətli artım müşahidə olunur".

Yaxın zamanlarda qızılın qiymətinin bir unsiya üçün 3 500 ABŞ dolları səviyyəsinə çatması proqnozlaşdırılır...

R. Əmircanov bir neçə müddət əvvəl verilən proqnozların özünü doğrultduğunu qeyd edib: "Qızılın qiyməti qlobal iqtisadi və geosiyasi amillərin təsiri altında formalaşmağa davam edir və bahalaşma tendensiyasının gələcək dövrlərdə də davam edəcəyi gözlənilir. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın zamanlarda qızılın qiymətinin bir unsiya üçün 3 500 ABŞ dolları səviyyəsinə çatması proqnozlaşdırılır.

İnflyasiya təzyiqləri, geosiyasi gərginliklər və mərkəzi bankların qızıl ehtiyatlarını artırması bu qiymət artımını dəstəkləyən əsas amillərdən biridir".

Mövcud şəraitdə bu qiymətli metala sərmayə qoymaq nə dərəcədə səmərəlidir?

R. Əmircanovun sözlərinə görə, mövcud şəraitdə qızıl və digər qiymətli metallara sərmayə qoymaq qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklər, inflyasiya təzyiqləri və mərkəzi bankların qızıl ehtiyatlarını artırması kimi amillər nəzərə alınaraq səmərəli ola bilər: "İnvestorlar üçün qızıl hazırda cəlbedici investisiya aləti olaraq qalır. Siyasi qeyri-müəyyənlik, inflyasiya təzyiqləri və makroiqtisadi qeyri-sabitlik səbəbindən qızılın qiymətinin artması gözlənilir. Trampın önümüzdəki günlərdə qüvvəyə minəcək yeni tarifləri inflyasiyanı sürətləndirə, iqtisadi artımı ləngidə və ticarət gərginliklərini daha da artıraraq qızıla olan tələbi gücləndirə bilər. Bundan əlavə, mərkəzi bankların qızıl ehtiyatlarını artırması da qiymətlərin yüksəlməsinə töhfə verir.

Qızıl hər zamankı kimi iqtisadi və siyasi qeyri-sabitlikdən qorunmaq üçün ənənəvi bir vasitə olduğundan hazırkı şəraitdə uzunmüddətli sərmayə üçün əlverişli seçimdir".

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 214,7 kiloqram və ya 81,4% artıb.

Bu ilin mart ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 160,4 kiloqram olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31