AİBNDA İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin Mentorluq Proqramına qoşulub
1 Aprel 12:43 İqtisadiyyatAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub
Proqram çərçivəsində "İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan şikayətlər" mövzusunda ilk onlayn seminar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub. Mentorluq Proqramının məqsədi təşkilatın üzvləri və tərəfdaşları arasında müvafiq sahədə təcrübə mübadiləsini təmin etmək və qurumlararası ünsiyyəti asanlaşdırmaqdır.
Sözügedən proqram çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsi nümayəndələrinin iştirakı ilə "İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan şikayətlər" mövzusunda onlayn formatda ilk seminar təşkil edilib.
Seminar zamanı hər iki qurumun istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud təcrübəsi və fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi istehlakçıların hüquqlarının daha effektiv şəkildə qorunmasına, bu sahədə ən yaxşı təcrübələrin paylaşılmasına şərait yaradacaq.
Mentorluq Proqramı çərçivəsində daha üç vebinarın və iki işgüzar səfərin təşkili nəzərdə tutulub. İşgüzar səfərlər istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlıq, müvafiq sahədə dövlət-özəl tərəfdaşlığı, istehlak bazarının araşdırılması metodları, reklam fəaliyyətinə nəzarət vasitələri kimi mövzuları əhatə edəcəkdir.
Qeyd: Azərbaycan Respublikası 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzvdür və təşkilatda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur.