Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi təkmilləşdirilir
19:01 İqtisadiyyatİsveçrənin Cenevrə şəhərində "Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi"nin icrasının müzakirəsi keçirilib.
Olaylar xəbər verir ki, bu məqsədlə tərəfdaş təşkilatların və təşəbbüslərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Ötən ilin noyabr ayında COP29 çərçivəsində başlanılmış bu təşəbbüs Azərbaycan Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dayanıqlı Maliyyə üzrə Beynəlxalq Platformanın birgə fəaliyyətidir.
Dəyirmi masa iştirakçıları qlobal dayanıqlı maliyyə ekosistemində qarşılıqlı fəaliyyətin artan əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində Yol Xəritəsinin taksonomiya təşəbbüslərinin koordinasiyasının və əməkdaşlığın artırılması, eləcə də fəaliyyətlərin uyğunlaşdırılması istiqamətində qlobal platforma rolunu oynayacağı razılaşdırılıb.
İştirakçılar mövcud təşəbbüslər, alətlər və ya ölkə-dəstək proqramları haqqında yenilikləri bölüşərək Yol Xəritəsinin həyata keçirilməsi üçün mümkün növbəti addımları qeyd ediblər.
Tərəfdaşlar, həmçinin bu təşəbbüslərin qlobal siyasət forumları, o cümlədən Böyük İyirmiliyin (G20) Dayanıqlı Maliyyə İşçi Qrupu, BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Beynəlxalq Konfransı, COP30 və COP31 kimi mötəbər tədbirlərlə əlaqələndirməyin vacibliyini vurğulayıb.