Özbəkistanın keçmiş XİN rəhbəri iri texnoloji şirkətlərin artan təsirindən danışıb
12:29 İqtisadiyyatİri texnoloji şirkətlərin beynəlxalq siyasətə və iqtisadiyyata təsiri artmaqda davam edəcək.
Olaylar.az xəbər verir ki, bunu Özbəkistanın keçmiş Xarici İşlər Naziri Vladimir Norov XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, rəqəmsal infrastruktura nəzarət edən, nəhəng həcmli məlumatları idarə edən iri texnologiya şirkətləri (Big Tech) - transmilli korporasiyaların təsir gücü daha da artacaq ki, bu da beynəlxalq siyasət, iqtisadiyyat və hətta münaqişələrə təsirsiz ötüşməyəcək.
"Onların innovasiyaları əhəmiyyətli faydalar gətirsələr də, bu korporasiyaların nəzarətdən kənarda qalan hakimiyyəti istismar və qlobal qeyri-sabitliyə gətirib çıxara bilər. Texnoloji tərəqqiyə qarşı çıxmaq əvəzinə biz onun etik prinsiplərin, ədalət və məsuliyyətin nəzərə alınması ilə inkişafını təmin etməliyik",- deyə o bildirib.