COP29-da əldə olunmuş razılaşmalar böyük ümidlər verir - Tacikistanın keçmiş xarici işlər naziri

Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən COP29-da əldə olunmuş razılaşmalar böyük ümidlər verir.

Olaylar xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "COP29: Belemə sıçrayış - Transformasiyanın sürətləndirilməsi" mövzusunda panel müzakirəsi zamanı 2016-2018-ci illərdə ŞƏT-in baş katibi, 1992-1994-cü illərdə Tacikistanın xarici işlər naziri Rəşid Alimov deyib.

"İcazə verin, Azərbaycan hökumətini COP29-a uğurla ev sahibliyi etməsi münasibətilə təbrik edim. Azərbaycanın sədrliyi çərçivəsində əldə olunmuş razılaşmalar bizə böyük ümid verir. Xüsusilə, İtaliyada COP27-də yaradılmış İtki və Zərər Fondunun tam fəaliyyətə başlayıb. Bu, çoxdan gözlənilən qərar idi. Fondun səmərəli işləməsi, şəffaf şəkildə, xüsusilə də dövlətlərin bu tələblərə cavab verməsi və dəstək verməsi vacibdir. Və təbii ki, ən vacibi odur ki, fond lazımi maliyyəni alsın", - o bildirib.

Alimov qeyd edib ki, Tacikistan 2032-ci ilə qədər tamamilə bərpa olunan enerji mənbələrinə keçmək niyyətindədir.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31