Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib - Fatih Birol
14:10 İqtisadiyyatBakıda keçirilən COP29 konfransı - karbon bazarları ilə bağlı qərarlardan tutmuş təmiz enerjiyə keçid etməyə çalışan inkişaf etməkdə olan ölkələrin maliyyələşməsi üçün əlverişli şəraitin yaradılmasına qədər - bir neçə vacib nailiyyətlərə imza atdı.
Olaylar.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
"Biz artıq COP üzrə 29 konfrans görmüşük və onların nəticələri fərqli-fərqli olub: bəziləri uğurlu olub, başqaları yox. Bəziləri əlverişli beynəlxalq siyasi kontekstdə, digərləri isə çətin şəraitdə keçib. Bakıdakı COP29 isə çox mürəkkəb siyasi kontekstdə baş tutub. Buna baxmayaraq, mən şadam ki, konfrans karbon bazarları ilə bağlı qərarlardan tutmuş təmiz enerjiyə aparan yolda inkişaf etməkdə olan ölkələrin maliyyələşməsi üçün əlverişli şəraitin yaradılmasına kimi bir neçə vacib nailiyyət əldə edib", - deyə o vurğulayıb.
Birol həmçinin bildirib ki, Azərbaycan hökuməti və Beynəlxalq Enerji Agentliyi müxtəlif dövlətlərin və hökumətlərin nümayəndələrinin qatıldığı COP29 çərçivəsində bir sıra yüksəksəviyyəli dialoqlar təşkil ediblər. Həmin görüşlər dünyanın müxtəlif ölkələrində keçirilib və dövlətlərin mövqelərinin yaxınlaşması məqsədi daşıyıb. O həmin görüşlərin konfransın uğurlu nəticələrinə böyük töhfələr verdiyinə ümid etdiyini bildirib.
"İqlim dəyişikliyi bütün ölkələrin üzərində işləməli olduğu əsas problemdir", - deyə Agentliyin rəhbəri vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.