Qızıla yatırım etmək istəyən şəxslərin NƏZƏRİNƏ
18 Fevral 13:17 İqtisadiyyat"Dövlət Neft Fondu (ARDNF) bu il investisiya portfelində qızılın payını 25%-ə çatdıracağını bildirib.Fondun rəhbərliyi qızıla yatırımların qısa müddətli dövrdə müəyyən risklər daşısa da, uzunmüddətli perspektivdə etibarlı və effektiv bir aktiv olduğunu vurğulayıb. Tarixi təcrübə göstərir ki, qızıl uzunmüddətli dövrlərdə dəyərini qoruyub, iqtisadi dalğalanmalar fonunda sabitlik təmin edərək sahiblərinə əhəmiyyətli gəlir gətirir".
Olaylar.az Milli.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, ARDNF-nin qızıl ilə bağlı strategiyası bütün maliyyə bazarlarında ən etibarlı investisiya aləti olaraq qiymətləndirilir. Bununla yanaşı, mütəxəssislər investisiya portfelinin strukturunun təhlil edilməsi, risk və gəlirlilik nisbətinin optimallaşdırılması məqsədilə bəzi dəyişikliklərin aparılmasının vacib olduğunu bildirirlər.
"Bu dəyişikliklərin yalnız aktivlərin diversifikasiyasının gücləndirilməsi ilə məhdudlaşmaması, həmçinin hazırkı dünya düzəninə uyğun daha dərin fundamental və ESG (ekoloji, sosial və idarəetmə) analiz prinsiplərinə əsaslanması tövsiyə edilir".
Ekspert qeyd edir ki, daha dərin analizlər apara bilən fondlar Trampın iqtisadi-siyasi manevrləri nəticəsində öz kapitallarını əhəmiyyətli dərəcədə artıra biləcək. Lakin bu bacarıqları olmayan fondların isə itkilərlə üzləşə biləcəyi bildirilir.