Avropada təbii qazın qiyməti artdı – ÖZƏL
27 Dekabr 2024 14:38 İqtisadiyyatAvropada təbii qazın qiymətləri Rusiya Prezidenti Vladimir Putinin açıqlamasından sonra kəskin şəkildə artıb.
Olaylar.az xəbər verir ki, bu haqda Bloomberg yazıb. Nəşrə görə, Putin gələcəkdə Ukrayna üzərindən Avropaya qaz tədarükü ilə bağlı yeni müqavilənin bağlanmasının mümkünsüz olduğunu vurğulayıb.
27 dekabrda qaz üzrə maliyyə müqavilələrinin dəyəri 5% artaraq həftə ərzində ən böyük yüksəlişi nümayiş etdirib. Xatırladaq ki, Putin 26 dekabrda da yeni tranzit müqaviləsinin 2024-cü ilin sonunadək razılaşdırılmasının qeyri-mümkün olduğunu bəyan etmişdi.
Avropa ölkələri qaz tədarükünü təmin etmək üçün alternativ təkliflər irəli sürsələr də, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya büdcəsinə vəsait axınını təmin edəcək hər hansı bir razılaşmaya qarşı çıxıb. Buna baxmayaraq, Avropa hələ də əsasən Rusiyadan alınan ucuz təbii qazdan asılıdır.
Hazırda Avropada qaz tələbatının 5%-ni təmin edən tədarükün dayandırılması riski mövcuddur. Belə bir ssenaridə Avropa Norveçdən qaz boru kəməri ilə idxalına və ya ABŞ-dan mayeləşdirilmiş qaz tədarükünə daha çox arxalanmalı olacaq. Hazırda Avropanın qaz anbarlarının doluluq səviyyəsi 75%-dən aşağıdır.
Bu vəziyyət qış mövsümündə Avropa İttifaqı üçün enerji təminatında ciddi problemlər yarada bilər.