COP29 Bakıda iqlim dəyişiklikləri ilə mübarizədə mühüm mərhələ oldu – Saymon Stil
3 Dekabr 16:55 İqtisadiyyatBakıda keçirilən COP29 dünya ölkələrinin razılığı ilə iqlim maliyyələşdirilməsi hədəfinə nail olmaqla əsl bir dönüş nöqtəsi oldu.
Olaylar xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Ər-Riyadda keçirilən COP16 çərçivəsində "Torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın artırılması üçün dövlət və özəl maliyyənin səfərbər edilməsi" mövzusunda Maliyyələşmə üzrə Nazirlər Dialoqunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, bu hədəf reallaşdırılsa, insanlıq üçün bir növ sığorta olacaq.
"Bu, məhz vaxtında baş verdi. Biz bilirik ki, Yer üzündə həyatı dəstəkləyən sistemlər təhlükə altındadır. Torpaqların bərpası, quraqlığa qarşı dayanıqlılığın artırılması və iqlim dəyişiklikləri bir-biri ilə sıx bağlıdır. Buna görə də bu sığortanın hərtərəfli olmasını, investisiyaların qarşılaşdığımız çağırışları həll etməsini və "sığorta ödənişlərinin" tam və vaxtında yerinə yetirilməsini təmin etməliyik", - deyə o bildirib.
Saymon Stil qeyd edib ki, torpaqların bərpası və quraqlığa qarşı dayanıqlılığın gücləndirilməsi üçün tələb olunan resursların səfərbər edilməsinin vaxtı çatıb.
"Bu, torpaq resurslarının davamlı idarə edilməsinə, təbiətə əsaslanan həllərə, meşələrin bərpasına, həmçinin, icmaların, kiçik fermerlərin, kiçik və orta müəssisələrin dəstəyinə sərmayə qoyulması deməkdir.
Onlar öz sektoral kənd təsərrüfatları vasitəsilə dolanışıqlarını təmin edərək, adaptasiya etməyə hazırdırlar. Dünyanın müxtəlif yerlərindəki yerli icmaların təcrübələrindən öyrənməliyik. Onların yaradıcılığı uğurlar gətirir və bu, genişləndirilə bilər. Dövlət maliyyəsi çoxtərəfli inkişaf bankları və özəl investisiyalar burada mühüm rol oynayır. Bu müxtəlif maliyyə axınları birgə işlədikdə, daha böyük təsir yarada və daha çox insana kömək edə bilər", - deyə S.Stil qeyd edib.
Qeyd edək ki, Azərbaycanda keçirilən COP29 bir sıra mühüm qərarlarla yadda qalıb:
- İllik 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbər edilməsinə dair yeni əsas hədəf müəyyən edilib ki, bu da əvvəlki 100 milyard dollarlıq planı üç dəfə üstələyir;
- İtki və Zərər Fondu fəaliyyətə başlayıb;
- Paris Sazişinin 6-cı maddəsi çərçivəsində etibarlı karbon bazarlarının yaradılması ilə bağlı danışıqlar tamamlanıb.